Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Konfransda dünyanı bürümüş COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.
Bildirilib ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.
Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev çıxış edib.
O, təhsil sahəsində koronovirus pandemiyası ilə əlaqədar yaranan problemlərdən çıxış yollarının müzakirəsinə həsr olunmuş bu tədbirə və məsələyə həssas yanaşmaya görə Milli Məclis rəhbərliyinə, deputatlara təşəkkürünü bildirib.
Nazir deyib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir.
“Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır”, - deyə nazir əlavə edib.
Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVID-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib.
Təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.
Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib.
Qeyd edib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.
Bildirilib ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün ümumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur.
Qeyd olunub ki, tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir.
Komitə sədri Bəxtiyar Əliyev də çıxışında indiki məqamda qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha məqsədəuyğun olması ehtimalını dilə gətirdi. O, 11 mart 2020-ci ildən fəaliyyətə başlamış əksər fənlər üzrə ölkənin iki telekanalında dərslərin yayımının şagird və tələbələr üçün çox faydalı olduğunu və bunun davam etdirilməsinin zəruriliyini qeyd edib.
Bəxtiyar Əliyev ümumi təhsil, məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, peşə təhsili, məktəbəhazırlıq prosesinin davam etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.
Qeyd olunub ki, bəzi ümumi, ali və orta ixtisas təhsilinin müəyyən pillələrində distant təhsil forması mövcud proqramlara uyğun davam etdirilə bilər.
Onlayn konfransda millət vəkilləri İsa Həbibbəyli, Anar İsgəndərov, Musa Qasımlı, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədov, Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi təkliflərlə bağlı fikirlərini bildiriblər.
Onlayn tədbirin sonunda Təhsil naziri Emın Əmrullayev və komitə sədri Bəxtiyar Əliyev millət vəkillərini maraqlandıran bəzi məqamlara aydınlıq gətiriblər.