Qadin.NET / Bakıda ağacların quruması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda ağacların quruması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) Aşıq Molla Cümə küçəsindəki mövcud yaşıllıq sahəsində ağacların quruması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.
RİH-dən verilən məlumata görə, adıçəkilən əraziyə baxış keçirilib, ancaq həmin küçədə qeyd olunanlar aşkarlanmayıb:
“Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, həmin ərazidə 2013-cü ildə 7,47 hektar ümumi sahəsi olan, metal lövhəli çəpərlə əhatə olunmuş üç ədəd ayrı-ayrı yaşıllıq sahəsi yaradılıb.
Qeyd edirik ki, həmin ərazidə RİH tərəfindən, o cümlədən RİH-in təşəbbüsü ilə mütəmadi olaraq keçirilmiş iməciliklər yolu ilə təxminən 5.000 ədədə yaxın müxtəlif cinsli ağaclar əkilib. Ağaclara qulluğun və suvarılmasının təmin olunması üçün xüsusi işçi qrupları ayrılıb, dörd ədəd artezian quyusu vurulub, su anbarları tikilib, iki ədəd su daşıyan maşın təhkim olunub, damcı-suvarma sistemi yaradılıb.

Əkilmiş ağacların növünə gəldikdə, əsasən yerli iqlimə uyğunlaşmış həmişəyaşıl iynəyarpaqlı leylandra, eldar şamı, küknar və xan çinarı növlərini qeyd etmək olar.

Lakin ərazidəki ağaclara daimi qulluq və kultivasiya (dərmanlanma, budanma və sair) işlərinin aparılmasına baxmayaraq, müxtəlif parazitar xəstəliklər səbəbindən mütəmadi olaraq leylandra ağaclarının quruması müşahidə edilir.

Bununla yanaşı, qeyd edirik ki, ərazi tərəfimizdən nəzarətdə saxlanılır, qurumuş ağaclar çıxarılaraq yerində yenilərinin əkilməsi daim təmin olunur. Belə ki, mövsümi olaraq bu ilin yaz aylarında 67 ədəd qurumuş və zədələnmiş leylandra ağacı yenisi ilə dəyişdirilib.

Hazırda qurumuş ağacların dəyişdirilməsi isə ağacların köküstə bitməsi üçün tələb olunan mövsümi iqlim şəraitini nəzərə alaraq sentyabr ayında dəyişdirilməsi nəzərdə tutulub, tingliklərə yerli növ ağaclar sifariş verilib. Yeni ağaclar əkilərkən üstünlük daha çox yerli xan çinarı və küknar ağaclarına verilir.

Onu da qeyd edək ki, yaşıllıq zolağı salınarkən 2015-ci ildə həmin ərazidə bir hektar ərazini əhatə edən sahədə “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksi qurulub. Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 2020-ci ilin may ayında Kompleksdə əsaslı yenidənqurma işləri aparılıb və ətraf ərazidə bir çox abadlıq işləri görülüb.

Əlavə olaraq, həmin ərazidə son tikinti işləri 2015-ci ilə qədər aparılıb. Hazırda həmin yaşıllıq sahələrində heç bir tikinti işi aparılmır və gələcəkdə də aparılması nəzərdə tutulmayıb”.

14 avqust 2020
GO BACK