Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
Qadin.Net bildirir ki, Şuradan Kult.az-a verilən məlumata görə, iclasda Azərbaycanda mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Prezidentin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.
Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılan 3 (üç) milyon manat vəsaitin aşağıda qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:
1. Lider TV və Radio Azərbaycan MMC - 500.000 manat
2. Xəzər TV MMC - 500.000 manat
3. Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası - 500.000 manat
4. ARB 24 MMC - 500.000 manat
5. Space Müstəqil Teleradio Şirkəti MMC - 500.000 manat
6. Real Təhlil İnformasiya Mərkəzi MMC - 500.000 manat
Lakin Lider TV və Radio Azərbaycan MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün Lider TV və Radio Azərbaycan MMC-yə ayrılmış 500.000 (beş yüz min) manat vəsaitin 400.000 (dörd yüz min) manatının birbaşa Milli Televiziya və Radio Şurası tərəfindən Azərkosmos ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100.000 (yüz min) manatının isə Lider TV və Radio Azərbaycan MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.