Qadin.NET / Prezident və Baş nazirin Beyrut partlayışından 1 ay əvvəl xəbəri olub?

Prezident və Baş nazirin Beyrut partlayışından 1 ay əvvəl xəbəri olub?

Livan tarixinin ən böyük fəlakətlərindən olan və hökumətin istefasına gətirib çıxaran Beyrut partlayışı ilə bağlı detallar tədricən üzə çıxır.
Qadin.Net xəbər verir ki, “Röyters” agentliyinin əldə etdiyi sənədlərə əsasən, təhlükəsizlik işçiləri ötən ay Prezident və Baş nazirə limandakı 2,750 ton ammonium-nitratın risk yaratdığını və partlayacağı təqdirdə paytaxtı yox edə biləcəyini deyiblər.

Dövlət Təhlükəsizlik Baş Katibliyi tərəfindən hazırlanan sənəd 20 iyulda prezident Mişel Aun və Baş nazir Həsən Diaba xüsusi qeydlə birlikdə təqdim olunub.

Yüksək vəzifəli təhlükəsizlik işçisi sənədin yanvar ayında başlanan və kimyəvi maddələrin dərhal təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayan istintaq araşdırmasını ehtiva etdiyini bildirib.

Məktubun yazılma prosesinə daxil olan, lakin adının açıqlanmasını istəməyən digər bir vəzifəli şəxs isə ammonium-nitratın böyük təhlükə daşıdığını, oğurlanacağı təqdirdə terrorçu təşkilatların silahına çevrilə biləcəyini deyib: “Onlara xəbərdarlıq etdim ki, bu maddə partlasa, Beyrut yox olacaq”.

“Röyters” iddiaların təsdiqini tapmağa çalışsa da, qarşı tərəfdən heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, “Livan Xirosiması” adlandırılan partlayışda 163 nəfər ölüb, 6 mindən çox insan yaralanıb. Ən az 6 min bina yerlə-yeksan olub.

Baş nazir Həsən Diab və hökumətinin 4 üzvü prezidentə istefa ərizəsini təqdim edib

11 avqust 2020
GO BACK