Belarus İstintaq Komitəsinin rəhbəri İvan Noskeviç kütləvi iğtişaşlar və polisə qarşı zorakılıq faktları ilə əlaqədar cinayət işlərinə başlanıldığını deyib.
Bu barədə dövlət agentliyi “BelTA”nın məlumatında “iğtişaşlar bu gecə Minsk şəhərində və ölkənin bir sıra digər bölgələrində baş verib” deyə qeyd edilir.
İstintaq Komitəsinin rəhbəri bildirib ki, etirazçılar səkkiz ildən 15 ilə qədər azadlıqdan məhrum ediləcəklər.
O qeyd edib ki, qanun pozuntuları əmlakın məhv edilməsi, hakimiyyət nümayəndələrinə müqavimətlə müşayiət olunub, hüquq-mühafizə orqanlarının əməkdaşları zibil qablarını, oturacaqları, çubuqları, səki plitələrinin parçalarını, şüşə butulkaları və yanan mayeləri cinayət silahı kimi qeydə alıb:
“Hazırda 100-dən çox müstəntiq hadisə yerində işləyir”.
Onun sözlərinə görə, şübhəli bilinənlərin və tutulanların çoxu sərxoş vəziyyətdə olub. Video nəzarət qeydləri götürülüb. İğtişaşlarda iştirak edən şəxslərin kimliyi məlum olub və onların şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir. Onların hərəkətlərinə müvafiq hüquqi qiymət veriləcək.
Kütləvi iğtişaşların təşkili və Belarus Cinayət Məcəlləsinin 293-cü maddəsinin müxtəlif hissələri üzrə cinayət işinə başlanılıb.
Komitə rəhbəri təxribatlara və ictimai asayişi pozma çağırışlarına uymamağa çağırıb.