Qadin.NET / Koronavirus testlərinin götürülməsi səlahiyyəti poliklinikalara verilib? - RƏSMİ AÇIQLAMA

Koronavirus testlərinin götürülməsi səlahiyyəti poliklinikalara verilib? - RƏSMİ AÇIQLAMA

Redaksiyamıza koronavirus testlərinin götürülməsi ilə bağlı müraciət daxil olub. Oxucumuz bildirir ki, COVID-19 testi vermək üçün təcili tibbi yardıma zəng edib:
“Mənə deyildi ki, testin götürülməsi səlahiyyəti təcili tibbi yardım xidmətindən alınıb. Bunun üçün mənsub olduğumuz ərazi üzrə poliklinikaya zəng etmək lazımdır, onlar gəlib test götürəcəklər.
Bunu da onunla əsaslandırdılar ki, təcili yardım xidməti çağırışlara getməyi çatdıra bilmədiyinə görə belə qərar verilib”.
Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə əlaqə saxlayıb.
Müsahibimizin sözlərinə görə, Bakı şəhəri üzrə 87 ərazi poliklinikası fəaliyyət göstərir:
“Onların tərkibində 39 məntəqə yaradılıb. Məqsəd odur ki, vətəndaşlarda koronavirusa yoluxmanı aşkar etmək üçün testlər götürülsün. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həddən artıq yük altında işləyirdi. Onların işi, adından da göründüyü kimi, təcili yardım xidmətidir, profilaktik işin görülməsi deyil.
Əgər vətəndaş vəfat edibsə, ölüm səbəbindən asılı olmayaraq, bizim qurumun əməkdaşları müayinə materialı götürür, eyni zamanda, onun yaxınlarının siyahısı tərtib olunur. Həmin siyahı ərazi poliklinikasına və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir. Nəticədə, ölən şəxsin müayinəsinin cavabı müsbət gələrsə, ətrafında olan insanların COVID-19-a yoluxub-yoluxmaması müəyyənləşdirilir.
Vətəndaş yüksək temperaturla (38 dərəcədən yuxarı) müraciət edərsə və onun yanaşı ağır xəstəliyi varsa, bizim xidmətin əməkdaşları ünvana gedir və analiz götürülür. Həyati göstərişi varsa, koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilir və ətrafında olan şəxslərdən analiz götürülür”.
Həkim qeyd edib ki, poliklinikada müayinə işləri aparılmalıdır:
“Şəxsin COVID-19 testi müsbətdirsə, o, xəstəxanaya getməlidir. Evdə qaldığı təqdirdə, təcrid haqqında iltizamnamə alınır və yenə də əlaqədə olduğu insanlardan yaxma götürülür. Yüngül yoluxma varsa, səhhətində şübhəli əlamətlər - dad, qoxubilmə hissinin itirilməsi, 38 dəcərəyə kimi temperatur müşahidə olunursa, poliklinika həmin şəxsdən müayinə materialı götürə bilər.
Vətəndaşlar bu qənaətdədirlər ki, Bakı şəhərində ancaq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası mövcuddur. Poliklinika sistemi onların yadından çıxıb. Ağırlaşma olubsa, bu zaman təcili tibbi yardım köməyə gəlməlidir.
Onda poliklinika nəyə lazımdır? Axı, xəstəliyin erkən dövrdə aşkarlanması, profilaktika işi, təcridolunma və müayinənin təşkili onların funksiyasına daxildir”.

10 avqust 2020
GO BACK