Qadin.NET / Koronavirusa yoluxanların neçə faizi sağalıb? - Nazirlik AÇIQLADI

Koronavirusa yoluxanların neçə faizi sağalıb? - Nazirlik AÇIQLADI

Dünyada 18 milyona yaxın insan koronavirusa yoluxub. Azərbaycanda koronavirus infeksiyasının yayılması fevralın 28-də ilk yoluxma halının qeydə alınması ilə başlayıb. Hazırda ölkədə ümumi yoluxanların sayı 34 minə yaxındır. Onlardan təxminən 89 faizi sağalıb, 10 faizinin isə hələ müalicəsi davam etməkdədir. Bu günə kimi təxminən 780 minə yaxın test aparılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, nazirliyin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlovanın sözlərinə görə, koronavirusa yoluxma hallarının böyük qismi Bakı şəhərinin payına düşür. Regionlar arasında yoluxma göstəricilərinə görə liderliyin Sumqayıt, Gəncə və Mingəçevir şəhərləri, Abşeron, Cəlilabad, Salyan, Lənkəran, Yevlax və s. rayonlara aid olduğunu vurğulayan nazirliyin şöbə müdiri Bakının rayonları arasında COVID-19-a yoluxmanın daha çox Binəqədi, Xətai, Sabunçu və Yasamal rayonlarında qeydə alındığını bildirib.

Nazirliyin nümayəndəsi ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində yaradılmış xüsusi məntəqələr haqqında da söhbət açıb: "Bakı şəhərində poliklinik-ambulator xidmət göstərən 39 sahə məntəqəsində çalışan tibb işçiləri xüsusi hazırlıq keçib. “814” nömrəli "Çağrı Mərkəzi"ndən yönləndirilmiş müraciətlər əsasında burada xəstələrin çeşidlənməsi baş verir və sahə həkimləri tərəfindən hər bir müraciətlə bağlı müvafiq iş aparılır. Belə ki, simptomsuz xəstələr bir neçə gün müddətinə müşahidəyə götürülür. Simptomlu xəstələrdən isə ev şəraitində laborator müayinə üçün test analizi götürülüb Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlər üçün ayrılmış nəqliyyat vasitələri ilə laboratoriyalara çatdırılır. Nazirliyin nəzdində bu işin təşkili üçün yaradılmış işçi qrupu gün ərzində sahə məntəqələrinin işini tənzimləyir və yaranmış problemlərin həllində yardım edir".

N.Mürsəlova pandemiya şəraitində Azərbaycanın digər ölkələrdən nə ilə fərqləndiyinə dair fikirlərini də açıqlayıb. O, epidemiyanın başlanğıc dövründə əhali arasında xəstəliyə qarşı inamsızlığın olmasını xüsusi vurğulayıb və qeyd edib ki, məhz bu amil xəstəliyin ölkə ərazisində geniş yayılmasının əsas səbəblərindən biridir. Yoluxma hallarının tək-tək qeydə alındığı dövrlərdə vətəndaşlara maska taxmaq, fiziki məsafəni qorumaq, şəxsi gigiyenaya riayət etmək, toplaşmamaq haqqında müraciətlər olunsa da, bir çoxu buna etinasız yanaşdı. Lakin zaman keçdikcə bunun yanlış olduğu və qaydalara əməl etməyin vacibliyi bilindi.

O, ölkədə tətbiq olunan xüsusi karantin rejimi haqqında danışarkən deyib ki, karantinin əsas məqsədi koronavirus sınağından az itkilərlə çıxmaqdır. Bunun üçün də xəstəliyin yayılma zəncirinin qırılması vacibdir. Buna görə də yoluxmuş şəxslərin izolyasiyası, onlarla təmasda olan insanların karantin müddətində müşahidəsi zəruridir. Birmənalı şəkildə bu qərarların yalnız xalqın mənafeyi üçün verildiyi dərk edilməlidir. Nazirliyin nümayəndəsi karantin rejiminin qaldırılmasından sonra normal həyata dönüş barədə də fikirlərini bölüşüb. Onun sözlərinə görə, normal həyata qayıdış bir neçə mərhələyə bölünməlidir. Unutmamalıyıq ki, yenə də məsafənin saxlanılması, şəxsi gigiyena qaydalarına riayət edilməsi, qoruyucu vasitələrdən istifadə mütləqdir.

Çimərliklərdən istifadə məsələsinə toxunan Nəzifə Mürsəlova deyib ki, həmin ərazilərdə eyni vaxtda xeyli sayda vətəndaşın eyni oturacaqlar, ictimai ayaqyolu və geyinmə-soyunma yerlərindən istifadə etməsi yoluxma ehtimalını artırır. Odur ki, sosial məsafə saxlanmalı, tibbi maskalardan istifadə edilməli və şəxsi gigiyena qaydalarına əməl olunmalıdır.

Qeyd olunub ki, virusla mübarizənin ilk günlərindən maarifləndirmə sahəsində iki istiqamətdə iş aparılıb: həm əhali, həm də tibb sahəsində çalışanlar maarifləndiriliblər. Həmçinin COVID-19 pandemiyasının elan olunduğu ilk günlərdən beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq şəraitində müxtəlif tədbirlər görülüb. Səhiyyə mütəxəssislərinin həftəlik olaraq beynəlxalq təşkilatların dəvəti ilə pandemiyanın idarə olunması ilə bağlı müxtəlif vebinarlarda iştirakı davam etməkdədir. Belə ki, artıq bir neçə dəfə Azərbaycana gələn Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupunun son səfəri çərçivəsində mühüm görüşlər keçirilib, epidemioloji nəzarət və laborator diaqnostika məsələlərinə dair sənədlər hazırlanıb.

“Son həftələr ərzində koronavirus infeksiyasının dinamikasında müsbət meyil müşahidə olunur ki, bu da dövlət səviyyəsində görülmüş işlərin, irəli sürülmüş tələb və qaydaların əhali tərəfindən qəbul olunması və onlara riayət edilməsinin nəticəsidir. Bu günlər ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardıma daxil olan müraciətlərin sayı da 30 faiz azalıb. Bir daha vətəndaşları COVID-19 ilə mübarizədə sosial məsuliyyət və həmrəylik nümayiş etdirib tələb və qaydalara riayət etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırıram”, - deyə N.Mürsəlova qeyd edib.

9 avqust 2020
GO BACK