“7-14 avqust Ümumdünya Səhiyyə Təşkilatı və 40-dan artıq tərəfdaşın təşəbbüsü ilə Ümumdünya Maskadan İstifadə Həftəsi elan olunub. Bu həftənin məqsədi dünyada daha çox insanı maskadan istifadə etməyə təşviq etməklə COVID-19-un yayılmasının qarşısını almaqdır”.
Qadin.Net bildirir ki, bu sözləri Publika.az-a danışan ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, dünyada virusa yoluxma hallarının sayındakı artımı nəzərə alaraq cəmiyyətdə maskadan davamlı istifadə pandemiyanın yayılmasının qarşısını almaq üçün vacibdir: “COVID-19-a qarşı peyvənd və digər müalicə vasitələri hazır olanadək fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə maskalar virusdan qorunmaq üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Bununla yanaşı, maskadan istifadə etməklə biz dünyadakı digər insanlarla həmrəyliyimizi nümayiş etdiririk. “Təmiz əllər”, “Evdə qal, sağlam qal” kampaniyalarımızda olduğu kimi, burada da məqsəd insanlara virusun ötürülmə zəncirini qırmağın hər kəsin məsuliyyəti olduğunu xatırlatmaqdır”.
H.Harmancının sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı bu həftəyə həsr olunmuş yeni #MaskaTax kampaniyasını başladıb və insanları maskadan istifadə edərək, şəkil və ya videolarını çəkib paylaşmağa həvəsləndirir: “Maska təkbaşına COVID-19-a yoluxmanın qarşısını almır. Maskadan istifadə etməklə yanaşı, fiziki məsafəni qoruyun, əllərinizi tez-tez yuyun, insanların sıx toplaşdığı məkanlardan uzaq durun və respirator gigiyenaya riayət edin. Bu yolla həm özünüzü, həm də digərlərini qoruya bilərsiniz”.