Qadin.NET / İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq

İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə içməli su sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, israfçılıq və su itkilərinin qarşısının alınması barədə tapşırıqlarının icrası məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb və işlərə başlanıb.

Qurumdan verilən məlumata görə, bu məqsədlə xüsusi qruplar yaradılıb, həm Abşeron yarımadasında, həm də regionlarda nəzarət tədbirləri gücləndirilib.

İlkin araşdırmalar içməli sudan qeyri-qanuni və uçotsuz istifadə hallarına daha çox Bakıətrafı qəsəbələrdə, əsasən həyət və bağ evlərində, həmçinin bəzi kommersiya obyektlərində rast gəlindiyini göstərir. Xəzər, Sabunçu, Suraxanı, Binəqədi, Abşeron rayonlarında, eləcə də bağ massivlərində su şəbəkələrinə baxış keçirilərkən içməli sudan qanunsuz istifadə ilə bağlı bir sıra neqativ hallar aşkarlanıb. Məlum olub ki, bir qrup vətəndaş və sahibkarlıq subyektləri “Azərsu” ASC-dən texniki şərt almadan və müqavilə bağlamadan qeyri-qanuni yolla su kəmərlərinə müdaxilə edərək su çəkib və içməli sudan uçotsuz istifadə edirlər.

8 avqust 2020
GO BACK