Şadlıq evləri mövcud vəziyyətə görə artıq demək olar ki, müflis olmaq dərəcəsindədirlər.
Qadin.Net bildirir ki, Baku TV-nin məlumatına görə, orada işləyən işçilərə də artıq ödəniş olunmur. Bu dövr ərzində toy və digər mərasimləri təşkil edə bilməyən şadlıq sarayları gəlirsiz qalıb.
Düzdür, sahibkarlara dövlət tərəfindən müəyyən qədər dəstək göstərildi, amma şadlıq evi sahiblərinin sözlərinə görə o da ilk iki ay müddətində ödənildi, daha sonra isə...
Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. Aylardır ki, kiminsə evindən “Vağzalı” səsi eşidilmir. Bəzi ailələr sakit, səs- səmirsiz toy edir, toy demək olarsa əgər...
Mövcud vəziyyət toy sahiblərinə də həm mənəvi, həm maddi ziyan vurur.
Yəqin ki, ən gözəl adətlərimizdən olan toyu elə adətə uyğun keçirməyi gözləyən toy sahiblərinə, həmçinin şadlıq evlərinə səbrli olub gözləməkdən başqa çarə yoxdur. Gözləyək ki, bu bəla da başımızdan sovuşsun, həyat da öz axarına qaldığı yerdən davam etsin.