“Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib”.
Qadin.Net -in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev bildirib.
O qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur:
Çimərliklərə getməmişdən əvvəl cimerlik.az saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq, daha az insanın olduğu əraziyə üz tutmaq;
Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;
İstifadəsi zəruri sayılan əşyaları özünüzlə çimərliyə gətirmək;
Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;
Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;
Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;
Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;
Qadağan olunmuş ərazilərdən istifadə etməmək;
Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;
Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək.
Cimerlik.az saytında adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir”.