Qadin.NET / İşsizlikdən sığorta qaydaları ilə bağlı mühüm dəyişiklik - Staj azaldılır

İşsizlikdən sığorta qaydaları ilə bağlı mühüm dəyişiklik - Staj azaldılır

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.
Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı üç il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində pul ödənilir.
Qanunun 16-cı maddəsində isə yazılıb ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

Layihədə qeyd edilib ki, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə həmin 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində vəsait ödəniləcək.

Sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiya müddətində müzakirəyə çıxarılacaq

3 avqust 2020
GO BACK