Qadin.NET / Ekspert: "Birinci kurslar dərslərə başlamayacaq, digər tələbələr isə..."

Ekspert: "Birinci kurslar dərslərə başlamayacaq, digər tələbələr isə..."

“Ölkədə pandemiya elan olunduqdan sonra mart ayının ortalarından ali və orta məktəblərdə onlayn dərslərə keçid başladı. Amma yüksək effekt əldə edilmədi. Həm təhsilalanların, həm də müəllim heyətinin bəzilərinin informasiya texnologiyalarını dərindən bilməməsi onların bu prosedən kənarda qalmalarına səbəb oldu. Bütün bunlar onu deməyə əsas verir ki, biz ənənəvi təhsildə əldə etdiyimiz nəticəni distant təhsildə əldə edə bilmədik”.
Qadin.net bildirir ki, bu fikirləri Publika.az-a açqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, əgər ənənəvi təhsildə şagirdlər 85-90 faiz keçirilən dərsi mənimsəyirdilərsə, distant təhsildə isə bu nəticə 60-70 faiz civarındadır: “Hazırkı durumda distant təhsillə uğurla nəticələr əldə edəcəyimizi düşünmürəm. Çünki bu, təhsil sistemimizdə yeni formalaşıb. Ona görə də hazırda Təhsil Nazirliyi tərəfindən müvafiq addımlar atılır, tapşırıqlar verilir. Əgər sentyabrın 15-dən dərslərin başlamasına pandemiya imkan verməsə və distant olarsa, bu sahədə sıxıntıların olmaması üçün informasiya texnologiyalarından kənar qalan, onlayn proqramlardan istifadə etməkdə çətinlik çəkən müəllimlərlə iş aparılır. Amma təəssüflər olsun ki, həmin ərəfədə distant formada dərslər başlasa belə müəyyən qədər çatışmazlıqlar özünü göstərəcək. Təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün respublika əraizisində internet təminatını yaxşılaşdırsın və bir hər bir ailə onlayn təhsilə qoşula bilsin”.
Ekspertin sözlərinə görə, hər ailədə iki-üç şagird dərs alırsa, o şagirdlərin hər birinin eyni anda dərslərə qoşulduğu zaman müəyyən sıxıntılar yaranacaq: “Çünki onlar müxtəlif siniflərdə oxuyur və dərs cədvəlləri fərqlidir. Belə olan halda o evdə müəyyən problem yaranır və hər kəs dərsə qoşula bilmir. Bu nöqteyi-nəzərdən Təhsil Nazirliyi müəyyən işlər aparmalıdır. Ehtiyacı olan hər bir ailə ağıllı telefon və ya planşetlə təmin olunalıdır ki, dərslərin keyfiyyəti aşağı düşməsin. Elə ailələr var ki, onların maddi vəziyyəti imkan verir ki, onlar bir neçə planşet alaraq eyni anda dərslərə qoşulsunlar. Ancaq bəzi ailələrdə bu mümkün olmur”.

E.Əfəndi qeyd edib ki, sentyabrın 15-dən distant təhsilin çatışmayan cəhətləri nəzərə alınaraq dərslərin ənənəvi formada başlaması əsas prinsip olaraq götürülür: “Bu il eyni zamanda birinci siniflərə də qəbul aparılır. Həmin şagirdlərin dərs cədvəlləri və müəllimləri ilə tanış olması vacibdir. Ona görə də dərslər başlayıb ondan sonrakı dönəmdə virusa yoluxma yenidən yüksələrsə, o zaman dərslər dayandırılaraq 2021-ci ilin yanvar ayının ortalarından sonra başlaya bilər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan birinci kurs tələbələri istənilən halda sentyabrın 15-dən dərslərə başlaya bilməyəcək. Çünki hazırda DİM tərəfindən keçirilən qəbul imtahanları yekunlaşmayıb və növbəti həftə də keçiriləcək. Bunun da nəticələri avqustun sonlarında elan olunacaq. Bu isə onu deməyə əsas verir ki, ixtisas seçimi sentyabrın ortalarına qədər davam edəcək. Ayın sonuna qədər də sənədləri təhsil alacaqları universitet və kolleclərə aparacaqları halda, dərslər oktyabr ayından başlaya bilər”.

31 iyul 2020
GO BACK