İndoneziyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək mövqeyinə görə Ceyhun Bayramov İndoneziya səfirinə təşəkkürünü ifadə edib.
Nazir, həmçinin qarşı tərəfə Ermənistanın bölgədə sülh və təhlükəsizliyə təhdid törədən təcavüzkar siyasəti, o cümlədən bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədi boyu Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin öncədən planlaşdırdığı növbəti hərbi təxribatı barədə məlumat verib. Bu təxribat ilə məqsədlərinə nail olmayan Ermənistanın beynəlxalq ictimaiyyətin qətiyyətli mövqeyi ilə üzləşdiyi vurğulanıb.
Husnan Bey Fananie Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırıb. Daha sonra o, iki dövlət sərhədində yaşanan gərginlik nəticəsində həyatlarını itirən şəhidlərin ailələrinə və Azərbaycan hökumətinə baş sağlığını bildirib. O, İndoneziyanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstəyinin birmənalı olduğunu qeyd edbi.
Səfir fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində səylərin göstərildiyini qeyd edərək, bu xüsusda bir sıra sahələrdə əməkdaşlığın inkişafı potensialının mövcud olduğunu söyləyib. O, iki ölkə arasında səfər mübadiləsinin, bu münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyindən əminlik ifadə edib.
Nazir Ceyhun Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.