Meksika polisi Çyapas ştatının San-Kristobal-de-las-Kasas bələdiyyəsində yerləşən evlərdən birində müxtəlif vaxtlarda itkin düşmüş 23 uşaq aşkarlayıb.
“The Sun” xəbər verir ki, polis evə itkin düşmüş iki yaşlı uşağın axtarışları çərçivəsində daxil olub.
Burada onlar gözlənilməz mənzərənin şahidi olublar. Oğurlanmış, sonradan itkin düşmüş kimi qeydiyyata alınan 15 yaşına qədər 23 uşaq bir evdə yaşayır. Onların arasında üç uşaq südəmər yaşdadır. Daha üç uşağın isə hələ bir yaşı tamam olmayıb.
Bununla belə, axtarılan iki yaşlı oğlan həmin evdə tapılmayıb.
Sözügedən evdə yaşayan bütün uşaqlarda fiziki və psixi zorakılıq əlamətləri aşkar edilib. Onları insan alveri ilə məşğul olan dəstənin üzvləri oğurlayıb. Uşaqlar bu evdə müxtəlif əşyalar düzəldərək, onları turistlərə satıblar.
Hazırda dəstə üzvlərindən üç qadın tutulub. Eyni zamanda, itkin düşmüş iki yaşlı uşağın axtarışları davam edir.