Rusiya vətəndaşlığı almağı asanlaşdıran qanun qüvvəyə minib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, artıq vətəndaşlığı olmayan keçmiş SSRİ vətəndaşları və ittifaqa daxil ölkələrdə yaşayanlar daha asan şəkildə Rusiya pasportu ala biləcək.
Bunun üçün sözügedən şəxslər əvvəlki kimi 3 il Rusiyada yaşamaq və qanuni gəlir qaynağı göstərmək məcburiyyətində deyil. Rusiya vətəndaşlığı almaq istəyən xarici şəxslər isə əvvəlki vətəndaşlıqlarından imtina etmək məcburiyyətində olmayacaq.
Bundan başqa, valideynlərindən biri Rusiyada yaşayan və Rusiya vətəndaşlığı olan və ya Rusiya vətəndaşı ilə evli və övladı olan xaricilər də qanundan faydalana biləcək.
Ukrayna, Belarus, Qazaxıstan və Moldova vətəndaşlarının isə Rusiya vətəndaşlığı almaq üçün müraciət edərkən yaşayış icazəsinə sahib olmaları kifayət edəcək.
Rusiya universitetlərindən məzun olan şəxslər artıq 3 il deyil, 1 il Rusiyada işlədikdən sonra vətəndaşlıq üçün müraciət edə biləcək.
Qeyd edək ki, sözügedən qanun Rusiya prezidenti Vladimir Putin tərəfindən aprel ayında imzalanmışdı.