Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində məntiq suallarının çıxarılacağı və onların pedaqogika və metodika üzrə suallar ilə əvəzlənəcəyi xəbəri müəyyən əks-səda yaradıb.
Qadin.Net xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı "Ali (orta ixtisas) təhsil almış şəxs müəllim işləmək üçün niyə yenidən imtahan verməlidir?", "Müəllimlərin işə qəbulu imtahanlarının məzmunu niyə dəyişildi?", "Metodika üzrə sualları kim hazırlayır?", "Niyə metodika üzrə ədədbiyyat siyahısı verilmir?", "Namizədlər bu imtahana necə hazırlaşsın?" və s. kimi suallar da verilir.
Bu suallara cavab verən C.Valehov deyib ki, müəllimlərin işə qəbulu müsabiqəsi ölkədə işə qəbul üzrə ən kütləvi kampaniya olması səbəbilə həm müəllim olmaq istəyənlərin, həm də geniş ictimaiyyətin diqqət mərkəzindədir. İkinci tərəfdən isə elə kampaniyanın kütləviliyi xeyli sayda arzuedənlərin sırasından daha savadlı və hazırlıqlı şəxslərin seçilməsi üçün əlavə mexanizmlər tələb edir. Dünyada olduğu kimi, Azərbaycanda da müəllim seçimində ali məqsəd şagirdlərin daha keyfiyyətli təhsil almaq hüququnu təmin etməkdir:
"II suala cavab - MİQ imtahanının məzmununda dəyişikliklərin sertifikasiya imtahanına inteqrasiya ilə bağlı olduğu barədə əvvəllər də məlumat verilib. Digər tərəfdən, qəbul edilməlidir ki, imtahanların məzmununda və formatında mütəmadi dəyişikliklər həm də təhsildə gedən islahatlarla ayaqlaşmaq üçündür. Bu elmlər sinif otağında, real şagirdlərlə iş zamanı üzə çıxan problemləri öyrənir, tədqiq edir, ümumiləşdirir və praktik tövsiyələr verir, həm də daim yenilənir. Əgər müəllimlər pedaqogika və metodika elmlərinin əsaslarını düşünərək öyrənsə və tətbiq etsə, bu gün məktəblərdə olan problemlərin böyük hissəsi rahatlıqla aradan qalxar. MİQ və sertifikasiya imtahanlarında metodika üzrə sualların sayının artırılması bu məqsədi güdür.
III suala cavab - Sualların hazırlanması məsələsinə gəldikdə isə bildirməliyik ki, suallar kollektiv əməyin məhsuludur. Onların hazırlanmasında metodist alimlər, praktik müəllimlər iştirak edir. Bazaya daxil edilmiş suallar dəfələrlə müxtəlif ekspertlər tərəfindən təhlil edilir, üzərində düzəlişlər aparılır, analoq suallar hazırlanır. Hər il banka yeni suallar daxil edilir və belə sualların sayı minlərlədir. İmtahan sessiyasına düşəcək sualları isə verilmiş komandaya uyğun olaraq kompüter seçir və burada insan amili əsla yoxdur.
Qeyd edək ki, bu sualların hansı səriştələri ölçəcəyi barədə məlumat - “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” - cari ilin 28 fevral tarixində Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir: https://edu.gov.az/az/page/9/18042 Bu sənədlə tanış olmaq namizədlər üçün faydalıdır: sənəddə məzmun sahələri (hüquqi savadlılıq, fənn kurikulumunun tətbiqi, pedaqoji və psixoloji nəzəriyyələr), məzmunun tərkib hissələri (faktlar, anlayışlar, prinsiplər: qaydalar, xassələr, qanunlar; prosedurlar: çevirmələr, alqoritmlər, hesablamalar) göstərilmiş, sualların belə demək olarsa, çətinlik səviyyəsi nizamlanmışdır. Cədvələ diqqət etsəniz, görəcəksiniz ki, burada 20 sualdan 4-ü “Xatırlamaq və anlamaq”, 12-i “Tətbiq etmək və təhlil etmək”, 4-i “Dəyərləndirmək və yaratmaq” kateqoriyasına aiddir".