Madaqaskarda koronavirusa qarşı istehsal edilən "Covid Organics" adlı bitki mənşəli dərmanın effektiv olmadığı ortaya çıxıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Əczaçılıq Araşdırma və İnkişaf Mərkəzi məlumat yayıb.
Mərkəzin rəhbəri Obi Adiqve mətbuata açıqlamasında Nigeriya Prezidenti Məhəmməd Buxarinin may ayında Madaqaskardan göndərilən dərmanın test edilməsi üçün təlimat verdiyini bildirib. Dərman sınaqdan keçirilib, lakin müsbət nəticə verməyib. Adiqve Madaqaskarın istehsal etdiyi preparatlarla bağlı məhsul analizi paylaşmadığına diqqət çəkib.
Madaqaskar Tətbiqi Tədqiqat İnstitutunun elm adamları malyariya xəstəliyinin müalicəsində istifadə edilən yovşan (Artemisiya) bitkisindən koronavirusa qarşı effektivliyi olan dərman ərsəyə gətirmiş, Madaqaskar Prezidenti Endri Racoelina dərmanı 20 apreldə ictimaiyyətə təqdim etmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı bəzi bitki mənşəli dərmanlar və xalq təbabətinin COVID-19 simptomlarını yüngülləşdirdiyini qəbul edib, lakin bu maddələrin xəstəliyin qarşısını aldığı və ya yaxşılaşdırdığına dair sübut tapmadığını açıqlayıb.