İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.
Bununla bağlı Müdafiə Nazirliyi Məlumat yayıb.
İkinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani general-mayor P.Həşimov və polkovnik İ.Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verib.
Hərbi Orkestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yayılım atəşləri altında son mənzilə yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.
Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.
General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.
E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.