Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı növbəti göstəriş verib.
Qadin.Net bildirir ki, bu barədə oxu.az-a “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova məlumat verib.
S.Orucova bildirib ki, təşkilatımızın üzvü olan, Mingəçevirdə yaşayan, 2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirilib:
“Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata (“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi) qəza vəziyyətində olan evlərinin təmiri ilə əlaqədar ünvanlanmış müraciətlə bağlı, Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verdi. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.
Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmayıb. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır.
Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymağa, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır”.
Sevinc Orucova həmçinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, təşkilatın və şəhid ailələrinin adından göstərilən diqqət və qayğıya görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.