İyulun 4-də Günəş sisteminin 8 planeti Günəşdən eyni istiqamətdə sıraya düzüləcək. “Planetlər paradı” deyilən bu nadir və çox maraqlı hadisə iyul ayı boyu davam edəcək.
Qadin.Net bildirir ki, bu barədə axar.az-a danışan Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Ədalət Ətayi bildirib ki, “Planetlərin paradı” olduqca maraqlı və bir o qədər də valehedici astroloji hadisədir.
“Bildiyiniz kimi, Günəş sistemində 8 planet və artıq yarıplanet olaraq təsnif edilən Pluton var. Bu planetlərin hamısı iyul ayının 4-də bir düz xətt halında olacaq. “Planetlər paradı” Günəş sistemində iki formada olur: 1. Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir. 2. Böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin əsl paradı” adlanır”, - alim deyib.
Onun sözlərinə görə, “Planetlər paradı” tam şəkildə görünməyəcək:
“Uran, Neptun, Pluton çox uzaq olduqları üçün gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək”.
Ə.Ətayi bildirib ki, bütün planetlərin ümumi kütləsi Günəşin kütləsinin bir faizini təşkil edir:
“Yəni bu planetlərin heç birinin Günəşə təsir qüvvəsi yoxdur. O zaman belə bir sual ortaya çıxır: “Planetlərin paradı” zamanı hansı hadisələr baş verə bilər?
Bu astroloji hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər tərəfdən planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın planetimiz və üzərindəki canlılara təsiri olmayacaq. Bu hadisə milyon illərdir baş verir və baş verəcək. Təəssüf ki, bu gün belə bir yanlış düşüncə var ki, guya “Planetlərin paradı” zamanı dünyada pandemiyalar, epidemiyalar, müharibələr, üsyanlar, çevrilişlər və s. hadisələr baş verir. Hətta mövcud koronavirus pandemiyasını bu astroloji hadisə ilə əlaqələndirən insanların sayı da az deyil. Qiyamları, böhranları, pandemiyaları hansısa bir göy cismi ilə əlaqələndirmək doğru deyil”.
Qeyd edək ki, planetlərin növbəti paradının 2161-ci ildə olacağı bildirilir.