Bu gündən ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postları ləğv edilib.
Postların ləğvi bir sıra müzakirələrə səbəb olub.
Misal üçün, hərəkət icazəsi olan şəxsin maşınında olan sərnişinlərin və taksidə olan şəxslərin icazə alıb-almaması necə müəyyən olunacaq?
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, konkret olaraq kim karantin qaydalarını pozubsa, həmin şəxs barəsində tədbir görüləcək:
“Hər şey qanunvericilik çərçivəsində olacaq. Kim tələbləri pozubsa, barəsində tədbir görüləcək.
Bu gün tələb odur ki, hər kəs elan edilən karantin rejimi qaydalarına əməl etsin. Postların yığışdırılması karantin rejiminin nə yumşaldılması, nə də ləğv edilməsi deyil”.