Nadir Zeynalov deyib ki, özündə COVID-19 əlamətləri hiss edən şəxs poliklinikaya gələrsə, orada da ona təcili xidmət göstəriləcək: "Həmin şəxslər yoxlanılaraq COVID məntəqəsinə göndəriləcəklər. Bu məntəqələr ya ayrı bir tikilidə, ya da poliklinikaların ayrı bir girişində olacaq. Bu, ona görədir ki, COVİD-19 xəstələrinin digər insanlarla ünsiyyəti baş verməsin. Həmin məntəqələrdə belə xəstələrin müayinəsi aparılacaq, vəziyyəti qiymətləndiriləcək və test götürüləcək. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaqlar.
Aparat rəhbəri bildirib ki, ev şəraitində müalicə olunan COVID-19 xəstələrinin nəzarətdə saxlanılması Nazirlər Kabinetinin 12 iyun tarixli qərarına edilən dəyişikliklə tənzimlənir:
"Bu xəstələrin evi tərk etməməsi məqsədilə akt imzalanır və belə xəstələr iltizamnaməyə qol çəkirlər. Bu cür xəstələrin vəziyyətinə sahə həkimləri telefonla nəzarət edirlər. Ehtiyac olarsa, həkimlər evə gələrək xəstəyə baxış keçirəcək və vəziyyəti qiymətləndirəcəklər".
N. Zeynalov evdə müalicə olunan xəstələrə dərman preparatlarının da pulsuz çatdırıldığını deyib: "Evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur. Əgər şəxsin COVID-19 a yoluxma faktı təstiqlənibsə, qeydiyyata alınıbsa, bu dərmanlar ona çatdırılacaq. Ev şəraitində müalicə edilən xəstələrin dərman təminatı məsələsi həll olunacaq. Ev şəraitində müalicə edilənlər COVID-19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir".
Nazirlik rəsmisi əlavə edib ki, evdə müşahidə altında saxlanılan şəxslərin immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən vitaminlərlə müalicəsi nəzərdə tutulur. O, virusa yoluxmuş şəxslərin apteklərə getməsinin yolverilməz olduğunu söyləyib. (trend)