“Koronavirusa yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaq məqsədilə karantin qaydalarına birmənalı şəkildə riayət olunmalıdır”.
Qadin.Net bildirir ki, bu sözləri oxu.az-a açıqlamasında ixtisasca həkim olan millət vəkili İlham Məmmədov deyib. O bildirib ki, bu gün koronavirus infeksiyasının kliniki gedişatında bir qədər ağırlaşma müşahidə edilir:
“İlkin mərhələdə xəstəlik özünü nisbətən yüngül büruzə verirdisə, bu gün təəssüf olsun ki, xəstəliyin gedişatı kifayət qədər ağır, kəskin və fəsadlaşmış şəkildə davam edir. Qısa zaman kəsiyində quru öskürək, yüksək hərarət, baş ağrıları və digər ağır simptomlar vətəndaşları çətin vəziyyətə salır. Azərbaycanda pandemiyanın ilk başladığı gündən apardığı preventiv tədbirlər, operativ qərargahın yaradılması, qərargah üzvlərinin vəziyyətə uyğun şəkildə qəbul etdiyi qərarlar bu gün ölkə daxilində yoluxma hallarını nisbətən də olsa, nəzarətdə saxlamağa kömək edir.
Prezident İlham Əliyev pandemiya ilə mübarizə çərçivəsində bir sıra sərəncam və tapşırıqlar verib. Həmin tapşırıqlar əsasında ölkədə modul tipli xəstəxanaların inşasına başlanılıb. Bununla paralel olaraq isə vətəndaşların sosial durumunu nəzərə alaraq, onlara sosial yardım paketlərinin ayrılması istiqamətində müvafiq tapşırıqlar verib. Təəssüf osun ki, may ayına qədər müşahidə edilən stabil vəziyyət karantin yumşaldıqdan sonra nisbətən artmağa başladı. Bu isə mövcud vəziyyətə tam nəzarət etməyi nisbətən çətinləşdirir. Bu səbəbdən də karantin rejimi yenidən sərtləşdirildi. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayandı və gündəlik yoluxmaların orta sayı 520-550 arasında müəyyənləşdi”.
Millət vəkili onu da əlavə edib ki, karantin rejiminin sərtləşdirilməsi yoluxma dinamikasının aşağı düşməsində ciddi dəyişiklik yaradırsa, yeri gələrsə onun uzadılması, eləcə də əlavə tədbirlərin görülməsi zəruri hal ala bilər:
“Təbii ki, bu qərar operativ qərargah nümayəndələri tərəfindən müəyyən proseslər nəzərdən keçirildikdən sonra alına bilər. Əslində birmənalı olaraq bu yoluxma dinamikasından asılıdır. Ehtiyac olarsa, zərurət yaranarsa, karantin rejimi uzadıla bilər. İnsanlarımız da bunu anlayışla qarşılamalıdır. Daha əvvəl bu xəstəliyə inanmayanlar olurdu. Lakin bu gün hər kəs “mənim yaxınlarım arasında koronavirusa yoluxan var” cümləsini qurur. Bu təəssüf doğuran məqamdır, lakin vətəndaşlarımız bizdən inciməsin. Daha əvvəl onlar karantin rejiminə ciddi riayət etsəydi, yoluxma halları artmazdı.
İctimai nəqliyyatdan istifadə etdikdə, mağazaya getdikdə, küçəyə çıxdıqda tibbi maskalardan istifadə etmək, insanlar arasında sosial məsafəni gözləmək ilkin mərhələlərdə vacib idi.
Biz sanki müharibədəyik. Hər birimiz vətənimiz uğrunda müharibəyə gedib, canımızdan keçməyə hazırıq. Bu da bir müharibədir. Yalnız burada vətən uğrunda ölmək yox, vətən uğrunda yaşamaq və yaşatmaq lazımdır. Bunun üçün isə qaydalara riayət etmək şərtdir. Lakin vətəndaşlarımız buna hələ indi, yavaş-yavaş riayət etməyə başlayıb. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayının aşağı düşmə ehtimalı çox böyükdür”.
İ.Məmmədov sərt karantin rejimi qaydalarının pozulmasına görə tətbiq edilən cərimə tədbirlərinə edilən dəyişikliklərə də toxunub. O bildirib ki, bu gün Milli Məclisdə müzakirəyə çıxarılan karantin rejimini pozan şəxslərə tətbiq edilən cərimə miqdarının artırılması ilə bağlı məsələyə müsbət rəy verildi və qərar qəbul edildi:
“Burada söhbət cərimələri artırıb hər hansı bir formada cərimələməkdən getmir. Dövlətin məqsədi bu deyil. Sadəcə, bu gün atılan bütün addımlar insanları həm özlərinin, həm də ətrafdakı insanların təhlükəsizliyinə biganə yanaşmamaqları üçün qanuni çərçivəyə salmaqdır. Bu bəzi məsuliyyətsiz insanlara xatırlatmadır. Yaşayış yerini tərk edən insan tibbi maska taxmırsa, qapalı məkanlarda yoluxma riskini artıracaq davranışlara yol verirsə, o artıq özünü deyil, ətrafdakı insanların sağlamlıqlarını da bilə-bilə riskə atır. Hər bir vətəndaş bizim millətimizin üzvüdür. Bu gün biz özümüz-özümüzə irad bildirməliyik. İctimai qınaq mütləq şəkildə olmalıdır.
Tutduğu vəzifəsindən, ictimai-siyasi görüşündən asılı olmayaraq, hər kəs bu istiqamətdə təbliğat aparmalı və insanları birlik olaraq qaydalara riayət etməyə çağırmalıdır. Bu tək dövlətimizin deyil, bizim hər birimizin vətən, millət qarşısında borcudur.
Bütün sosial media bu gün qaydaların ayrı ayrı vətəndaşlar tərəfindən pozulması hallarını göstərib, bunun yolverilməz olduğunu diqqətə çatdırmalıdır. Əks təqdirdə karantin rejiminin sərtləşdirilməsinə, cərimə tətbiqlərinin digər ölkələrdəki kimi daha da artırılmasına zərurət yaranacaq. Axı bizə bu lazım deyil, elə deyilmi? İnsanın öz sağlamlığının qeydinə qalması üçün bu qədər cərimə tədbirlərinə ehtiyac varmı? Dövlət əlindən gələni edir ki, məsuliyyətsiz vətəndaşlara bu işin ciddiyyətini başa salsın. Mən xahiş edirəm ki, pandemiya dövründən ən az zərərlə çıxmaq üçün birlik olaq, qalib gələk”.