Çoxillik məlumatların təhlilinin nəticələri göstərir ki, Azərbaycanın əksər rayonlarında yağıntının miqdarının ümumi azalması fonunda paytaxtda son onilliklərdə intensiv yağıntılı günlərin sayının artması tendensiyası müşahidə olunur.
Qadin.Net-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, 1992-ci ildən 2019-cu ilə qədər olan dövrdə 5 mm və 10 mm-dən çox yağıntılı günlərin sayı orta hesabla yeddi gün, 15 mm-dən çox yağıntı günlərinin sayı isə beş günədək artıb:
“Müqayisə üçün qeyd etməliyik ki, Bakı şəhərində iyun ayı üzrə yağıntı norması 10 mm, iyul ayı üzrə isə ondan da az - 2-3 mm təşkil edir. Buna görə də, əgər iyun ayında bir gün ərzində 10 mm yağıntı düşərsə, bu, artıq bir aylıq norma səviyyəsində yağıntı deməkdir. Bu, öz növbəsində müəyyən fəsadlar yarada bilər ki, ona da hazır olmalıyıq. İstanbuldakına bənzər leysan yağışlarından heç bir ərazi sığortalanmayıb. Maddi-texniki imkanların əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, belə təbii hadisələri proqnozlaşdırmaq getdikcə çətinləşir. Qeyri-ixtiyari sual ortaya çıxır: bu, iqlim dəyişiklikləridir, yoxsa bunu “yeni iqlim” kimi adlandırmaq daha düzgün olar?”