Açıq məkanda reklam daşıyıcılarına münasibətdə dövlət dili normalarının pozulmasına görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində törədilən inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara münasibətdə inzibati xətanı aşkar etmiş Dövlət Reklam Agentliyi adından Agentliyin direktoru, onun müavini, Aparatın rəhbəri, Aparatda şöbə müdiri, onun müavini, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis (böyük müfəttiş), Bakı Şəhəri Reklam İdarəsinin və regional reklam idarəsinin rəisi, onun müavini, idarədə şöbə müdiri, onun müavini, sektor müdiri, baş mütəxəssis (baş müfəttiş), böyük mütəxəssis (böyük müfəttiş) inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edəcək.
Qadin.Net-in məlumatına görə, bu, Prezident İlham Əliyevin iyunun 23-də imzaladığı fərmanla "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində reklam daşıyıcılarına münasibətdə dövlət dili normalarının pozulması ilə bağlı törədilən inzibati xətalara münasibətdə inzibati xətanı aşkar etmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi adından İdarənin İdarə Heyətinin sədri və digər üzvləri, Aparatın rəhbəri inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətinə malik olacaq.
Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində reklam daşıyıcılarına münasibətdə dövlət dili normalarının pozulması ilə bağlı törədilən inzibati xətalara münasibətdə inzibati xətanı aşkar etmiş Dənizkənarı Bulvar İdarəsi adından İdarənin İdarə Heyətinin sədri və digər üzvləri, Aparatının rəhbəri inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edəcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 533-1-ci maddəyə (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək. Qanun iyunun 23-dən qüvvəyə minib.