Bu gün İsmayıllının daha bir kəndində koronavirusa yoluxma faktı qeydə alınıb. Belə ki, rayonun Bizlan kəndində üç nəfər koronavirusa yoluxub.
Məsələ barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla əlaqə saxladıq.
Qadin.Net bildirir ki, N.Bağırov oxu.az-a açıqlamasında bildirib ki, İsmayıllı rayonunun bütün ərazisində yoluxma faktının olması barədə xəbərlər düz deyil:
“Bir neçə gün əvvəl Quşencə kəndində iki ailədə koronavirus aşkarlanmışdı. Həmin ailələr nəzarətə götürüldü. Bizlan kəndində bir neçə nəfərdə COVID-19-a yoluxma faktı qeydə alınıb. Dərhal həmin şəxslərin qohumları və əlaqədə olduqları şəxslərdən analiz götürülüb”.
N.Bağırov bildirib ki, rayonun kəndlərində küçələrdə gəzənlərin sayı azalıb:
“Rayonun özündə, kəndlərdə yoluxma aşkar edilir. Həmin şəxslərin əksəriyyətinin əvvəldən koronavirus xəstələri ilə kontaktları olub.
Sakinlərin test edilməsi icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir. Amma deyə bilmərəm ki, rayonda COVID-19-dan ölüm faktı var”.
N.Bağırov qeyd edib ki, icra hakimiyyətinin bütün strukturundakı əməkdaşlar analiz verib:
“Nəticələr neqativdir”.