İdmanla məşğul olmaq amerikalı qadını ölümcül xəstəlikdən xilas edib.
Qadin.Net bildirir ki, onun hekayəsini “Metro” nəşri paylaşıb.
54 yaşlı Trişa Totten hələ gənc yaşlarından idmanla məşğul olub. O, ağır atletika ilə maraqlanana qədər aerobika məşqlərinə gedib. İki hamiləlik dövründə belə bu hobbisindən əl çəkməyib.
2017-ci ilin mart ayında Tottendə süd vəzisinin xərçəngi aşkarlanıb. Müalicə çərçivəsində o, 16 seans kimya terapiyası və 33 seans şüa terapiyası qəbul edib. Bundan başqa, süd vəzisi cərrahi yolla qismən çıxarılıb, sinəsinin formasının bərpası üçün plastik əməliyyat keçirib.
Təhlükəli xəstəlik və ağır müalicə prosedurlarına baxmayaraq, amerikalı qadın idmanı atmayıb.
“Məndə xərçəng aşkarlananda ən yaxşı fiziki formada idim. Enerjim çox yüksək idi, evimizdəki atmosfer də mükəmmələ yaxın idi.
Uşaqlar kollecdə oxuyurdular, buna görə, vaxtımın çoxunu idman zalında keçirə bilirdim. Müalicə başlayanda isə, sadəcə, məşq planını dəyişdim və idmana davam etdim”, - deyə, qadın vurğulayıb.
O əmindir ki, məhz fiziki məşqlər ona qorxulu xəstəliyə qalib gəlməyə kömək edib.
“İdman zalında keçirilən vaxt həm fiziki, həm də psixoloji cəhətdən səhhətimin düzəlməsində böyük rol oynayıb. Fiziki aktivliyə nəzarət və düzgün qidalanma məni xərçəngdən daha güclü etdi”, - deyə, qadın əlavə edib.
Trişa etiraf edib ki, özünü qurban hesab etməyi dayandırdığı gündən daha sürətlə sağalmağa başlayıb:
“Mən “bu, niyə mənim başıma gəlib” sualını “bu xəstəlikdən necə istifadə edim ki, həyatım yaxşı yöndə dəyişsin” ifadəsi ilə əvəzlədim və qorxunun yerini cəsarət aldı”.
Texaslı qadın öz hekayəsini onkoloji xəstəlikdən əziyyət çəkənləri ruhlandırmaq üçün paylaşdığını bildirib:
“Əməliyyat nəticəsində süd vəzimin bir hissəsini itirdim, saçsız qaldım. Ancaq xərçəngə imkan vermədim ki, mənim pozitivliyimi, ailəmə, dostlarıma olan məhəbbətimi, həmçinin fitnesə və sağlam həyat tərzinə olan ehtirasımı əlimdən alsın”, - deyə, Trişa sözlərini yekunlaşdırıb.