Qadin.NET / Göyçayda kişi işi görən qadın - FOTO

Göyçayda kişi işi görən qadın - FOTO

Kütahi Mollayeva seçdiyi peşə ilə hər kəsin diqqətini özünə cəlb edib. Adətən pinəçilik kişi sənəti sayılır. Bir qadının bu işlə məşğul olacağını təsəvvür etmək xeyli çətindir. Amma göyçaylı, üç övlad anası olan Kütahi Mollayeva 20 ildir pinəçilik edir.
Yay-qış Kütahi Mollayeva öz işini balaca emalatxanasında davam etdirir.
Özü deyir ki, bu sənətin sirlərini həyat yoldaşından öyrənib və ailəsini dolandırmaq üçün bütün çətinliklərə qatlaşıb:
“Bu işi öyrənmək istəyəndə yoldaşım razı deyildi, pinəçiliyin çətin və kişi işi olduğunu deyirdi. Amma bütün bunlara baxmayaraq, “aslanın erkəyi, dişisi olmaz” deyib, bu peşəni öyrəndim”.
O, gördüyü işə görə digər kişi pinəçilərdən heç də geri qalmır. Peşəsinə hər zaman məsuliyyətlə yanaşan qadın pinəçinin səliqə ilə tikdiyi ayaqqabılar möhkəmliyi ilə seçilir.
Dəri məhsullarını Bakı, Mingəçevir və İrandan gətirən pinəçi xanım sifariş əsasında istənilən üslubda qadın və kişi ayaqqabılarını tikə və təmir edə bilir. Kütahi Mollayeva bildirir ki, qayınatasından yoldaşına, ondan da özünə miras qalan bu peşəni hazırda övladı davam etdirir.
Pinəçi qadının 21 yaşlı oğlu Teymur Mollayevin bu peşəyə həvəsi 8 yaşından yaranıb. Atasından öyrəndiyi sənəti, anasının köməyi ilə mənimsəyib.


6 iyun 2020
GO BACK