Qadin.NET / Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - Rəsmi

Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - Rəsmi

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət icaze.e-gov.az portalı üzərində əldə edilən icazələr əsasında tənzimlənir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirilib.
Qeyd olunub ki, əvvəlcədən icazəsi olan şəxslərin hazırda icazələri aktiv deyil. Yalnız fəaliyyətinə icazə verilən qurumların möhür səlahiyyətli şəxsi sistemə daxil olaraq vaxtı bitmiş icazəni aktivləşdirdikdən sonra icazə qüvvədə olur.
Əməkdaşlar haqqında məlumatlar düzgün daxil edilməlidir. Düzgün daxil olunmuş və göndərilmiş kimi qeyd olunan icazələr gün ərzində təsdiqlənir.
Yalnız vaxtı bitmiş icazələri aktivləşdirmək mümkündür. Əks halda sistemə yeni icazə kimi əlavə edilməlidir.
Fəaliyyətinə icazə verilən sahələrin siyahısı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında təqdim edilib.
Əgər vətəndaşların fəaliyyət istiqaməti Operativ Qərargahın qərarı ilə təsdiqlənmirsə, sistemdə onların icazəsi aktivləşdirilsə belə yaşayış yerini tərk etdikləri təqdirdə karantin qaydalarının pozulmasına görə cərimələnə bilərlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin iyunun 4-də imzaladığı qərara əsasən bu həftənin şənbə bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.
Bununla əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək həmin rayon və şəhərlərin ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bu həftənin şənbə və sabah günləri fəaliyyət göstərəcək bəzi dövlət qurumları müəyyənləşib.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənir.
Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.


6 iyun 2020
GO BACK