Ölkəmizi 2021-ci ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək gənc müğənni Samirə Əfəndinin səsləndirdiyi “Kleopatra” mahnısı Almaniyanın ARD ictimai kanalında yayımlanan “ESC-Songcheck” musiqi proqramının qalibi elan olunub.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, hər həftə “Avroviziya” mahnı müsabiqəsinin iştirakçılarının müzakirə olunduğu verilişdə Samirə ikinci yoxlanış mərhələsində birincilik qazanıb.
Verilişin aparıcıları Alina tərəfindən səkkiz, Stefan tərəfindən isə 15 xalla dəyərləndirilən S.Əfəndi “Kleopatra” mahnısı ilə on müğənninin yer aldığı siyahıda həftənin qalibi seçilib.
Sözügedən layihədə səslərin 50 faizi sms-lə, qalan 50 faizi isə Alina ilə Stefan tərəfindən müəyyənləşdirilir.
Qeyd edək ki, dünyanı cənginə alan koronavirus pandemiyası səbəbi ilə 65-ci “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsi təxirə salınıb. Müsabiqə gələn il keçiriləcək.Azərbaycanı Rotterdamda (Niderland) “Avroviziya-2021” müsabiqəsində S.Əfəndi təmsil edəcək.