Pandemiya ilə əlaqədar bir çox ölkələrdə kütləvi mərasimlər qadağan olunub. Belə tədbirlərdən biri də toylardır. Lakin bütün bu qadağalar ABŞ-ın Kaliforniya ştatından olan cütlüyün arzularını gerçəkləşdirməyə mane olmayıb. Onların kilsədə nikah mərasimi isə maraqlı görüntülərlə yadda qalıb.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, bir il öncə nişanlanan Peris Xati və Emili Manasinin nikah günü təyin olunmuşdu. Lakin pandemiya ilə əlaqədar karantin onların bu planlarını pozub.
“Məhdudiyyətlər qüvvəyə minəndən sonra bir müddət nə edəcəyimizi bilmədik. Heç birimiz toyun təxirə düşməsini istəmirdik, axı hər şeyin nə zaman düzələcəyi bəlli deyil. Ancaq əzizlərimizi də təhlükəyə atmaq istəmirdik”.
Nəhayət, onlar boş kilsədə də olsa, nikah kəsdirmək və mərasimi onlayn şəkildə dostlarına yayımlamaq qərarına gəliblər.
Kilsə isə, öz növbəsində, onlara sürpriz edib: Ziyarətçilərin şəkillərini oturacaqlara yapışdırır.
Xoş sürpriz gəncləri çox sevindirib və gözəl anların qeydə alınmasına səbəb olub.
Mərasimə dəvət olunan fotoqraf Visens Forn tədbirdən sonra fotoları özünün “Facebook” səhifəsində paylaşıb:
“Dünən bəxtim gətirdi, belə bir möhtəşəm toya şahid oldum… Gəlin unutmayaq ki, hər şeyə rəğmən, həyat davam edir”.
Şəkillər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.