“Hazırda biz ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının tarixi barədə heç nə deyə bilmərik. Çünki imtahanların tarixi Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılıdır”.
Qadin.Net bildirir ki, oxu.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova AZTV-nin efirində deyib.
Onun sözlərinə görə, xüsusi karantin rejimi bitdikdən sonra DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun, qəbul və buraxılış imtahanlarının tarixləri elan ediləcək:
“DİM ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunu hər zaman onlayn şəkildə keçirir. Biz hazırda sənəd qəbulunu həyata keçirə bilərik, ancaq sənəd qəbulu zamanı elə bir kontingent olur ki, onlar mütləq sənəd qəbulu komissiyasına gəlməlidirlər.
Məsələn, bir şəxs xaricdə orta təhsil alıb, təhsilini Azərbaycanda davam etdirmək istəyir. Bu barədə məlumat da bizim bazada mövcud olmur. Onlar sənədləri qəbul etməlidirlər. Belə abituriyentlər Azərbaycanın ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənədlərini komissiyaya təqdim etməlidirlər”.
“Bunun üçün biz gözləyirik ki, xüsusi karantin rejimi bitsin”, - deyə şöbə müdiri qeyd edib