Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.
Nazirlər Kabinetindən verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində.
Göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.
Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini beş gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim emək tapşırılıb.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.
Qeyd edək ki, Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə bu qərarı qəbul edib