Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli 1516 nömrəli Sərəncamına əsasən hazırlanıb və əyani təhsilalma forması (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) üzrə təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir.
Eyni zamanda bu qayda Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunur və bu Qaydaya (1.9-cu, 2.4-2.5-ci, 2.7-2.15-ci bəndlər istisna olmaqla) uyğun olaraq ödənilir.
Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə (bundan sonra - ÜOMG) görə verilir.
Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir.
Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir.
Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır