Qadin.NET / Türk Şurası Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

Türk Şurası Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

Türk Şurası Xocalı soyqırımı ilə bağlı bəyanat verdi


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyevin adından anım mesajı yerləşdirilib.

Anım mesajında deyilir:

“1992-ci ilin 25 fevralından 26-na keçən gecə ərzində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində yaşayan azərbaycanlı dinc sakinlərə qarşı bənzəri görülməyən bir qətliam törədildi. Minlərlə azərbaycanlının öldürüldüyü və ya əsir edildiyi bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri olan bu faciə Xocalı soyqırımı olaraq bilinir.

Bu amansız zülm nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla 613 nəfər öldürüldü, 487 nəfər ağır yaralandı və ya şikəst qaldı. Bununla yanaşı, 1275 günahsız insan girov götürüldü, 150 nəfərin taleyi hələ də naməlum olaraq qalır.

Dinc əhali yaxın məsafədən vuruldu və diri-diri yandırıldı. Yaxalanan yaşlılar, uşaqlar və qadınlar bənzəri görülməyən bir işgəncə, təcavüz və təhqirlərə məruz qaldılar.

Xocalıda bundan tam 28 il əvvəl yaşanan vəhşətin anıldığı bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olaraq, azərbaycanlı qardaşlarımızın ağrılarını ən dərin şəkildə hiss edir və bölüşürük. Bundan əlavə, dünya miqyasında aparılan “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasında Azərbaycan hökuməti ilə çiyin-çiyinə olduğumuzu ifadə edirik. 

Bu hisslərlə Xocalıda həyatını itirən şəhidləri hörmətlə yad edir, Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk”

25 fevral 2020
GO BACK