“Bəzi regionların dövlət xəstəxanalarında tibb fakültələrinin açılması üçün hökumətə müəyyən təkliflər hazırlamışıq”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Z.Əliyevin sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır:
“Rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır. Regionlara həkimləri ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik.
Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra karyeralarını qurmağa can atır. Təəssüf ki, bu gün regionlarda həkim kadr ehtiyatı ilə bağlı müəyyən çətinliklər var. Amma yaxın gələcəkdə Agentlik adından regionlar üzrə mərkəzi xəstəxanalarda çalışmaları üçün onlara həvəsləndirici, motivasiya edici təkliflər irəli sürmək istəyirik. Bu istiqamətdə bir qrup tələbə ilə danışıqlar artıq aparılıb”.
Z.Əliyev onu da əlavə edib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil:
“Biz bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə həkim-kadr çatışmazlığı var, avadanlıqlar lazımi səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müayinə və müalicə aparmaqda çətinlik çəkirlər”