"Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə ödənilib".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O qeyd edib ki, vətəndaşlar artıq pensiyalarını ala bilərlər: "Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi qrafikə uyğun olaraq ödənəcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb.