Çinin Uhan şəhərində koronavirus epidemiyası səbəbiylə təxliyə edilən 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı Ankarada xüsusi hazırlanmış xəstəxanada saxlanılır. İlkin müayinələr zamanı onlarda xoşagəlməz hala rast gəlinməyib.
Qadin.Net Türkiyə mənbələrinə istinadən xəbər verir ki, vətəndaşlarla yanaşı onların təxliyə prosesində iştirak edən 20 heyət üzvü də nəzarət altında saxlanılır. Məlumata görə, onların saxlanılması üçün Ankarada Zekai Tahir Burak Qadın Sağlamlığı Təhsil və Araşdırma xəstəxanasında bütün təhlükəsizlik tədbirləri görülüb.
Bina xüsusi polis qüvvələri tərəfindən qorunur. Ətraf mühitlə əlaqəsi olmayan binanın havası xüsusi qurğular vasitsəsiylə tənzimlənir. Mühasirəyə alınan binaya giriş-çıxışlara heç bir halda icazə verilmir. Məlumata görə, onlar 14 gün bu şəraitdə qalacaq. Çünki koronavirus ən gec özünü iki həftə ərzində biruzə verir.