Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.
BŞTİ-nin təşkilatçılığı ilə keçiriləcək olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak edə bilərlər.
Olimpiada zamanı şagirdlərə xas olan riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkürün qiymətləndirilməsi nəzərdə tutulur.
İki mərhələdən ibarət olan olimpiadanın hər mərhələsində 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım vaxt (90 dəqiqə) ayrılacaq.
Olimpiadanın ilk mərhələsi fevralda ümumi təhsil müəssisələri tərəfindən keçiriləcək.
Olimpiadanın final mərhələsi BŞTİ-nin təşkilatçılığı ilə apreldə təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək.
Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə I, II və III yerlərin qaliblərinə diplom, fərqlənən iştirakçılara isə Tərifnamə təqdim olunacaq.