Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, dəhşətli fəlakətin dağıtdığı binadan Azərbaycandan olan Zeynalovlar ailəsi möcüzə şəklində sağ qalmağı bacarıb.
Ailənin xanımı olan Arzunun dedikləri dəhşətə gətirib. Xanım azyaşlı övladının sağ qalması üçün uçqunun altında onu əmizdirdiyini bildirib:
"Üzərimizdəki tavan çökdü, qarşımızdakı döşəmə çökdü. Amma bizim üzərində dayandığımız döşəmə salamat qaldı. Övladımın ölməməyi üçün o an onu əmizdirməyə çalışırdım, südüm gəlmirdi (ağlayır). Dəfələrlə əmizdirməyə çalışdım. Uşaq iki dəfə öskürdü, üçüncü olmadı. Dedim nəfəsi getdi uşağın. Ancaq uşağı xilas etmək barədə düşünürdüm. O uçqunun altından bizim sağ çıxmağımıza inanmırdım. Təxminən 7 dəqiqə sonra bir də gördüm küçə görünür. Dedim bu mümkün deyil, 3-üncü mərtəbədən bura necə gəlib düşmüşük?! Uçqunun altından möcüzə şəklində sağ çıxdıq. Həyat yoldaşım şok içində idi. Dedim evə baxma, evimiz qucağımızda (Azyaşlı qız övladını nəzərdə tutub - red). Yoldaşım Azərbaycan vətəndaşıdır. 2 ildir evliyik. Evimizin əşyalarını yeni almışdıq. İnanın ki, Azərbaycandan bura 5 TL pul ilə gəldik. Həyat yoldaşım min bir əziyyətlə şərait qurmuşdu".
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zeynalovlar ailəsinin sağ çıxdığı binadan çox insanın cəsədi çıxarılıb.