Vahid məktəbli formasının tətbiqi ilə bağlı əsas məsələ düzgün çərçivənin, rahat, keyfiyyətli, standartlara uyğun olan geyim formasının müəyyən edilməsidir.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsində qeyd edilir ki, məktəb daxilində məktəbli geyimləri vahid olmalıdır:
“Bu gün bütün ölkə üzrə məktəbli formalarının vahid olması ilə bağlı hər hansı standart, norma mövcud deyil. Təhsil Nazirliyi bu məsələnin həllini də ictimai rəy əsasında dəyərləndirir.
Buna qanunvericilik baxımından yanaşsaq, belə çıxır ki, hər məktəb özü məktəb daxilində geyim müəyyənləşdirə bilər. Ancaq hər bir məktəb özü üçün məktəbli forması seçərkən gigiyena normalarına əməl edilməli, standartlar gözlənilməlidir.
Reallıqda buna o qədər də ciddi əməl edilmir. Ona görə “Təhsil haqqında” qanuna 2018-ci ildə edilən dəyişikliyə əsasən, dövlət məktəbli formalarının nümunələrini təsdiq edəcək və məktəblər də bu nümunələr sırasından seçim edə bilərlər.
Təsdiq edilən dövlət nümunələri arasında 3-5 növ var. Orada bütün tələblər qeyd edilir. Bunlar da sözsüz ki, daha çox istehsalçılar üçündür. Onlar normalara ciddi əməl etməlidirlər”.
C.Bayramov onu da qeyd edib ki, hər bir məktəb valideynlərlə birlikdə uyğun geyim formasını müəyyən edə bilər:
“Məktəblər üçün təsdiq edilən məktəbli formalarının arasından heç birinin istifadəsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayacaq. Hesab edirik ki, həmin məktəbli formaları həmin nümunələrdən biri ola bilər”.
Qış aylarında qızlar üçün şalvar geyimindən istifadənin mümkün olub-olmadığına gəldikdə, C.Bayramov deyib ki, hazırda aparılan ictimai müzakirənin də məqsədi ilkin hazırlanmış forma layihələrinə rəyin verilməsidir:
“Mən tam əminliklə deyə bilərəm ki, bizə daxil olan rəylər əsasında həmin layihələrdə dəyişiklik olacaq və yeni təkmilləşmiş variant müzakirəyə çıxarılacaq”