"Bu ilin yanvar ayının 21 günü ərzində Bakıda şaxtalı hava qeyd edilməyib, orta sutkalıq temperatur isə normadan 1.8°, yanvarın 7-də isə 4,3 dərəcə yüksək olub".
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, müqayisə üçün göstərmək olar ki, keçən il temperatur cəmi bir dəfə 0 dərəcədən aşağı enib və ayın 20-də 2 dərəcə şaxta qeydə alınıb.
"Keçən əsrin çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayı kimi qəbul edilmişdir. Lakin son onilliklərin təhlili göstərir ki, Azərbaycanın əksər ərazilərdə fevral ayı daha soyuq keçir. Ümumilikdə qış fəslində şaxtalı günlərin sayı azalıb. Yanvar ayına gəldikdə isə 1961-1990-cı illərdə şaxtalı günlərin orta çoxillik sayı 6 gün olduğu halda, 1991-2018-ci illərdə 4 gün olub", deyə U.Tağıyeva bildirib.
O, qeyd edib ki, yanvarın 24-də şımaldan gələn soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində paytaxt sakinləri ilkin proqnozumuza görə bu qış fəslinin ilk qarını müşahidə edə bilərlər.
Belə ki, yanvarın 23-də güclü cənub-qərb küləyi 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeronda 24-dən 25-i səhərədək yağıntılı keçəcəyi gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək, 0-3° isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir.
Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 23-24-də güclü küləkli olacaq, 23-də cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s, 24-də isə şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-yə çatacaq.
Avtomobil yollarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var