1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) devriləndən sonra məcburiyyət səbəbindən Məhəmməd Əmin Rəsulzadə vətəni tərk edib. Onun Novxanı kəndində yaşayan ailəsi olmazın məşəqqətlərə qatlaşıb. Modern.az saytı bu kiçik araşdırmada həmin ailənin başına gələn faciələrdən bəhs edir.
Sürgündə acından ölən ana: “Gedin o bığlı oğlana deyin ki...”
Həmin bığlı oğlan “xalqlar atası” Stalin idi. Məhəmməd Əmin Rəsulzadə ilə birgə onun evində duz-çörək kəsmişdi. Elə Rəsulzadənin anası Maral xanım da həbs olunarkən Stalinə onu tutanlardan bu cür xəbər yollamışdı:
“Gedin o bığlı oğlana deyin ki, Maral xanımı həbs etmişik. O adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən”. Biçarə qadın hər şeyi öz saflıq arşını ilə ölçürdü. Elə bu arşınla da ölçə-ölçə acından rəhmətə getdi. Qazaxıstana sürgün olunarkən gündə bir-iki dəfə qəndi suya salaraq sümürürdü. 28 gün qatarda sürgün yolu gedən qadın çox dindar idi:
“Mən acından ölərəm, amma kafir yeməyi yemərəm” deyirdi. Ailəsinin başına gətirilən bu cür faciələr onu onsuz da ölü halına salmışdı. Bakıdan gətirdiyi əncir qurusu qurtardıqdan sonra ümumiyyətlə heç nə yeməyən Maral xanımı fəlakət içdən yedi və o elə həmin il, yəni 1937-ci ildə dünyasını dəyişdi.
Oğul dərdindən bağrı çatlayan Ümbülbanu
Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı olan həyat yoldaşı Ümbülbanu xanımın ürəyi iki səbəbdən partladı. Qazaxıstan sürgününə də dözə bilərdi. Amma bütün ruhunu oğlu Rəsulun yanında qoyub gəlmişdi. Rəsulu hamıdan birinci həbs etdilər. O zaman vur-tut 19 yaşı vardı. Sonra da yerdə qalan ailə üzvlərini həbs edib Qazaxıstan çöllərinə yolladılar. Ümbülbanu xanımın bütün ruhu oğlunun yanında qaldı. Elə bütün günü “Rəsulu nahaq tutdular” deyib ağlayırdı. Bir tərəfdən də ailəsinin ağır sürgün həyatı onu tamam sarsıtmışdı.
Hələ bunlar son deyildi. O öz həyat yoldaşından da xəbərsiz idi. Məktublaşmaların arası kəsildiyindən ərinin harada olması və vəziyyəti haqqında heç nə bilmirdi. Amma Rəsulzadənin tərəfini heç zaman vermirdi. Ona “Məhəmməd Əmin xaricdə rahat yaşayır, siz isə əzab çəkirsiz” desələr də, bütün bunlara məharətlə sinə gərirdi. Daim onunla əlaqə yaratmağa çalışırdı. Oğlu Azər də sonralar xatirələrində anasını bu cür təsvir edib:
“Anam soyuğa da dözərdi, aclığa da. Amma o qürbət elə gedən gündən Rəsulun adı dilindən düşmürdü. “Oğlumu nahaq güllələdilər" deyib ağlayırdı. Elə bu dərdlə də dünyadan köçdü. Tez-tez bu sözləri eşidirdik: “Məhəmməd Əmin sizi burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da düşmürsünüz”. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç bir günahının olmadığını da hərdən danışırdı. Bu söz-söhbət ən çox qardaşım Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi: “Müəllimlərim məni bezdiriblər. Hər gün dərsdə deyirlər ki, “Məhəmməd Əminlər belə etdi, Məmməd Əminlər elə etdi...” Anam sakitləşdirirdi Rəsulu.
Deyirdi ki, elə sözlərə fikir vermə...”
Ümbulbanu xanım savadlı və fədakar qadın olduğundan Məhəmməd Əminin böyüklüyünü o olmayanda belə, ailədə qoruyub saxlayıb. Amma o da bir qadındır. Üzləşdiyi ağır faciələrə sinə gərə bilməyərək, 1940-cı ildə sürgündə, 51 yaşında vəfat edir. 1937-ci ildə istintaq zamanı onun mübarizliyi erməni zabitlərini belə, heyrətə gətirir:
İstintaq materiallarından:
– Deyin görək həyat yoldaşınız Məhəmməd Əmin Rəsulzadə hazırda harada yaşayır?
– Həyat yoldaşım Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildən xaricdə, Türkiyənin İstanbul şəhərində yaşayır.
– Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa necə?
–1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 dollar məbləğində göndərilən pul kağızı aldım.
Bundan sonra heç bir yazışmamız olmadı.
– Nəyə görə ərinizlə yazışmağa son qoydunuz?
– Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq...
(Nəsiman Yaqublu: “Məhəmməd Əmin Rəsulzadə”, Bakı, Gənclik, 1991)”.
Soyuqdan donaraq ölən Lətifə
Lətifə Rəsulzadənin ilk övladı idi. Elə faciələrin ən ağırını yaşamaq da deyəsən, onun payına düşmüşdü. 1912-ci ildə anadan olan Lətifə atasını sonuncu dəfə 8 yaşı olarkən görmüşdü. 1930-cu ildə isə bu xanıma ailə qurmaq nəsib olur. Üç qız uşağı dünyaya gəlir. Amma heyhat, sən demə, elə faciələr bundan sonra başlayırmış…
Lətifə xanımı iki qızı ilə birgə Qazaxıstana sürgün edirlər. Lətifə uzaq Qazaxıstan soyuğuna və işgəncəli şəraitə dözə bilmədi. 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə həyata göz yumdu. O, biri qızı, 13 yaşlı Firuzə səhər yuxudan ayılanda sevimli anasını və bacısını ölmüş gördü...
Təbii ki, bundan sonra Firuzənin taleyini təsvir etmək o qədər də asan deyil. Amma onun bir bacısı var idi ki, uşaq sanatoriyasına verildiyindən onlarla birgə sürgünə gəlməmişdi. Sona adlı bu xanımın taleyi haqqında indi də heç nə bilinmir.
Belə ki, Rəsulzadənin itkin nəvəsi Sona ilə yanaşı, onun ikinci qızı Xalidə də itkin düşdü.
1940-cı ildə Ümbulbanu xanımın vəfatından sonra kiçik övladlar Azərlə Xalidə tək qalırlar. Artıq ailə darmadağın olunur. Xalidə xanım sürgündə nənəsi Maral xanımı, anası Ümbülbanu xanımı qürbət torpaqda dəfn edir. Bundan sonra isə faciə növbəsi ona çatır. 24 yaşında ikən Qazaxıstandan baş götürüb Bakıya qaçır. Nakam qız Bakıya gəlib çatsa da, az keçməmiş itkin düşür. İndiyə kimi də harada olduğu bilinmir.
Qardaşı Azər onu hər yanda axtarır. Çox yerlərə xəbər göndərir. Amma ölənə qədər bu istəyinə çata bilmir. Əli bütün ailəsindən üzülən Azər ömrünün son günlərinə qədər Xalidə ümidi ilə yaşayır…
Rəsulzadə ailəsinin oğul qurbanı – Rəsul
“Qırmızı dəyənək” Rəsulzadə ailəsindən ilk olaraq oğlu Rəsula dəymişdi. O, 1937-ci ildə həbs olunarkən vur-tut 19 yaşı var idi. Onu uzun müddət məktəbdə və digər yerlərdə incitdilər. Artıq gənc yaşında həyatdan bezmişdi. Lakin günlərin bir günü qardaşı Azərlə birgə Novxanıda olarkən onu haqlayırlar. Rəsulun həbsi bütün ailəyə zərbə vurur. Ölümü isə artıq bütün ailəsinin ölümü idi. Hətta kiçik qardaşı Azər də bununla barışmayıb özünü quyuya atıb öldürmək istəyirmiş… Rəsul haqqında qohumları sonradan öz xatirələrini danışarkən məyusluqlarını gizləyə bilməmişlər.
Nəhayət, sonuncu övladı – Azər
O Azər ki, Məhəmməd Əminin uzun ömür yaşayan yeganə övladı oldu. Əgər buna yaşamaq demək olarsa. Azər iki aylıq olanda Məhəmməd Əmin evə gələrək öz körpəsini öpür, adının nə olduğunu soruşur. Ümbülbanu xanım isə uşağın adını Əliheydər qoyduqlarını deyib.
Məhəmməd Əmin oğlunu bağrına basıb narazılıq dolu coşğunluqla deyir:
– Yox, bu, Əliheydər olmayacaq. Bu azəri oğludur: Azər olacaq.
Məhəmməd Əmin oğlu Azərlə belə görüşüb ayrılır. Və onlar bir daha görüşmürlər. Gözünün qabağında bütün ailəsi pərən-pərən olan Azər sonradan Qazaxıstan sürgünündən Bakıya bir dəfə gəlsə də, yenidən geri dönür. Onu həmin illərdə Rəsulzadənin övladı kimi yox, sıravi bir şəxs kimi çox soyuq qarşılayırlar.
Məhəmməd Əmin irsinin araşdırmaçısı Nəsiman Yaqublu Azər bəylə Karaqandadakı (Qazaxıstan) olan söhbətində maraqlı bir detala toxunur. Ona Məhəmməd Əminin indi tamam başqa gözlə baxdıqlarını, bir qəhrəman kimi qəbul etdiklərini və Bakıya gələrsə, onun üçün də yaxşı olacağını bildirəndə oğul bu sualı verib: “Görəsən, ora gəlsəm, mənə ev verərlərmi?”
Bu sualın cavabı indi o qədər də əhəmiyyət kəsb etmir. İndi heç Azər bəy də yoxdur. Amma onun sürgün yaşantılarını əks
etdirən xatirələr bu gün də qalmaqdadır:
“Axşamüstü anam getmişdi xalamgilə, maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harada olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapır və geri alır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin gün güclü yağış yağırdı. "Azneft" meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməcələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı...
Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə, demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq ucun düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana, Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu...
“(Nəsiman Yaqublu: “Məhəmməd Əmin Rəsulzadə” kitabından).
P.S. Hamını bircə şey düşündürürdü: Görəsən, Məhəmməd Əminin bütün bu faciələrdən xəbərin varmı? Təbii ki, var idi. Amma o bu zaman Azərbaycan adlanan bir ailənin uğrunda vuruşurdu. 1955-ci ilin axırlarında son nəfəsində üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək dünyasını dəyişəndə ailəsindən yalnız Azər qalmışdı. Amma bu ailə dağılarkən belə, Azərbaycan və azərbaycançılıq ideyalarını qura bilmişdi. Bəlkə də biz bu gün həmin o başı bəlalı ailənin faciəsinin məhsulu olan bir ideologiyanın varisləriyik…
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Abdullah Gül Bakıya gəlir
Qara kürü 10 dəfə ucuzlaşacaq
Maliyyə Nazirliyindən hərbiçilərə şad xəbər
Trampın qəbul etdiyi dərman virus xəstələrini öldürür - ŞOK AÇIQLAMA
Neftin barrelinin qiyməti 110 dollara qədər qalxacaq
İstanbulda əsrin kəşfi
Apple-da nə baş verir?
İki ölkədə xarici valyuta ilə kredit verilməsi qadağan olunur
Zərif və zövqlü ziyafət geyimləri (3)
Dünya üzrə koronavirusa yoluxanların SAYI
Günün ulduz falı
Qızardılmış meyvə piroqu (foto resept)
2017-ci ilin payız ayaqqabıları
DYP texniki baxışla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib
Dünyanın ən böyük sərnişin gəmisi tikildi
Enerji içkiləri bu şəxslərə SATILMAYACAQ
Bakıda falçı tutuldu: Azərbaycanda insanlar falçılara niyə inanır?
Məni aldada bilməzsən, bu şəkər deyil!
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Pensiyalar artacaq, yeni iş yerləri açılacaq - Sosial sferaya diqqət artır
Ramazanın 8-ci gününün duası
Tarixə təkzib teleqramı
İstirahət günü soyuq hava şəraiti hökm sürəcək
Mavi gözlü qadınlar üçün makiyaj hiylələri
Kəs və yapışdır-20
Qadınlar dünyamızın gözəlliyidir
Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR
İş stressi ilə başa çıxmağın yolları
Zahid Oruc: "Səsvermədə yüksək seçici fəallığı müşahidə olunur"
Novruz süfrəsi Bakı sakinlərinə neçəyə başa gəlir? - SORДћU
Sonsuzluğun 4 təbii müalicəsi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Güclü zəlzələ Sakit okeanın sükutunu pozdu
Qoyun ətli vindaloo (foto resept)
Ərzaqlar haqqında bilmədiyiniz faktlar
Ötürmələr "kral"ı Məsut: onu niyə sevirlər?
Qarabaşağın faydaları
Yeni kəşf hər kəsi həyəcanlandırdı-FOTO
Ev itləri koronavirusu laborator analizlərdən çox daha sürətli müəyyən edir
Şair və yazıçıların nəzərinə..
Məşhur model hər iki valideynini itirdi-FOTO
Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Həcc ziyarətinin qiymətində ciddi DƏYİŞİKLİK
Atəş səsləri altında qurulan şəhər
Dilənçinin cibindən 740 min dollar çıxdı
HAVA necə olacaq?
Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılması mərasimində -FOTO
Antarktida - Əbədi buzlar qitəsi
Baş infeksionist: “Yumşalma yalnız bu halda ola bilər” - VİDEO
Bakı səmasında təyyarə və helikopter ŞOUsu olub
- ŞƏRHLƏR