Son beş ilə nəzər yetirərək üstünlük verdiyimiz, hər gün yad insanlarla təmasda olduğumuz ictimai nəqliyyatda - avtobus və metroda kitab oxuyan gənclərin daha çox gözümüzə dəydiyini deyə bilərik. Bu o deməkdir ki, gənclər arasında hələ də kitaba maraq var. Lakin bu faiz kitab oxumayanlarla müqayisədə o qədər də üstün deyil. Mövzunu daha ətraflı araşdırmaq üçün "28 May" metrostansiyası yaxınlığında yerləşən kitab mağazalarına yollandıq. Gözümüz önündə belə mənzərə canlandı: Kitab çox, alan yox. Elə satıcı Səhrab Rüstəmov da belə deyir. Vəziyyətdən gileylənən satıcı azərbaycanlılardan daha çox rusların ədəbiyyata, oxumağa maraqlı olduqlarını söylədi: “Alıcılıq qabiliyyəti çox aşağıdır. Mağazamıza ən çox rusdilli alıcılar müraciət edirlər. Onlar azərbaycanlılardan fərqli olaraq daha çox bədii ədəbiyyata maraq göstərirlər. Azərbaycan bölməsi üzrə ən çox institut kitabları, testlər alınır. Bədii ədəbiyyat əksər hallarda imtahan öncəsi lazım olur. İmtahan qabağı tələbə gəlir ki, mənə filan yazarın kitabı lazımdır”.Satıcı gənclərin bədii ədəbiyyatdan daha çox, dil öyrənməyə maraqlı olduqlarını söyləyir: "Gənclərimiz bədii ədəbiyyatdan daha, çox dil öyrənməyə meyllidirlər. Bu gün öncəki illərdən fərqli olaraq ingilis dili ilə yanaşı, alman və digər dillərə də maraq artıb". Gənclərin bir qisminin bədii ədəbiyyatdan daha çox, rəngli məlumatla bol olan nəşrlərə maraq göstərdiyini deyən S.Rüstəmov bu sırada mətbəx jurnalları, kitablarının da olduğunu deyir: “Elə gənclər var ki, bədii ədəbiyyatdan daha çox, kənar nəşrlərə maraq göstərirlər. Olur ki, biri tamadalıq etmək istəyir, gəlib qəzəl kitabları alır. Yaxud gənc xanımlar, onların da bir qismi evdar olduğu üçün mətbəxə, ev dizaynına aid kitab, jurnallar alırlar”.Oğlanlarla müqayisədə qızların daha çox kitaba bağlı olduğunu deyən satıcı gəncin çevrəsinin də az rol oynamadığını vurğulayır:
“Daha çox qızlar kitaba bağlıdırlar. Oğlanlar arasında da oxumağa meylli olanlar var. Sadəcə olaraq onlara düzgün istiqamət göstərmək, həvəs vermək lazımdır. Bundan başqa, gəncin düşdüyü mühitin də rolu danılmazdır. Hər bir gənc çalışır ki, öz çevrəsinə uyğun olsun. Qızlar gəlirlər, görürsən ki, üçünün kitaba marağı böyükdür. Digəri də onlarla ayaqlaşmaq üçün kitab alır, beləcə oxumağa başlayır. Elə qızlar var ki, gəzdirdiyi çantadan 10 kitab çıxardır. Maraq ayrıdır. İnsanın özündən də çox şey asılıdır”.
Satıcı hesab edir ki, yerli kitablara marağın az olmasında yazarın tanınıb-tanınmaması da bir qədər rol oynayır:
“Elə yazarlar var ki, detektiv kimi, bəlkə də, Çingiz Abdullayevdən də maraqlıdır. Amma tanınmadığı üçün oxucu kütləsi yoxdur, gəncləri ətrafında yığa bilmir. Kitabın oxunaqlı olması üçün yazıçının nə dərəcədə tanınması da önəmlidir”. Gənclər arasında dinə, mənəviyyata aid olan nəşrlərə böyük maraq olduğunu deyən S.Rüstəmov öncəki illərlə müqayisədə kompüter, texnologiyalar haqda kitabların az alındığını söyləyir. Satıcı bunun səbəbini internet vasitəsilə məlumat əldə etməyin daha sərfəli olması ilə izah edir:“Kompüter, texnologiya ilə bağlı kitablar öncəki illər daha çox alınardı. Amma indi bu kitablara yaxın duran belə yoxdur. Çünki indiki dövrdə internetdən hər məlumatı əldə etmək mümkündür. Bu gün kompüter vasitəsi ilə ayda 2000-3000 manat qazanan gənclərimiz var. Çünki gəncin ilk növbədə bu işdə marağı və biliyi var. Gənc də var ki, 3 institut qurtarıb, amma heç nə bilmir. Çünki məlumatları qavrayacaq, işi görə biləcək beyin yoxdur”.10 ildir kitab satışı ilə məşğul olan satıcı hazırda kitaba marağın azaldığını deyir. O, Tolstoy və Dostoyevskinin indiki gənclər tərəfindən bir o qədər də maraqla qarşılanmadığı qənaətindədir. Onun sözlərinə görə, gənclər daha çox onlara pul gətirəcək, karyerada necə yüksəliş əldə etməyə kömək edəcək kitablara müraciət edirlər. Bununla yanaşı, S.Rüstəmov psixologiya haqda olan kitablara da marağın artdığını deyir:
“Düşünürəm ki, ötən 10 illə müqayisədə çap məhsulu olan kitablar az oxunur. Gənclər daha çox çalışırlar ki, özlərinə lazım olan materialları elektron formada əldə etsinlər. Əlbəttə, bu, internetin gənclərə verdiyi bir üstünlükdür. İndiki gənclərin bir qismi pul verib kitab almaq istəmir. Bəlkə də, bu oxumağa marağın azalması ilə əlaqədardır. Tolstoy, Dostoyevski indiki gənclərin bir o qədər də diqqətini çəkmir. Gənclər xarici yazarlardan ən çox Orxan Pamuk, psixoloq Deyl Karneginin kitablarına müraciət edirlər. Oşo, Kafkanın kitabları, bundan başqa, psixologiya, pula maraq, karyerada yüksəliş əldə etmək üçün oxunan kitablar üstünlük təşkil edir. Gənclər çalışırlar ki, pulu necə qazanmağın asan və sərfəli yollarını tapsınlar. “Uğurun 100 qanunu”, “Düşünmə” - bunlar da gənclərimiz arasında daha çox oxunan kitablardandır. Bununla yanaşı, dinə, mənəviyyata yönələn kitablar, detektiv əsərlər də üstünlük təşkil edir. "Qala" nəşriyyatının dini kitabları çoxdur. Dini kitab müəllifləri sırasında daha çox oxunan Rövşən Abdullayevdir. İngilis dilində çap edilən nəşrlərə də maraq artıb. Bu da gənclərin dil biliklərini inkişaf etdirmələri ilə əlaqədardır. Amma Azərbaycan dilində bu ədəbiyyat nümunələrinə bir o qədər də müraciət edilmir. Yerli yazarlardan isə daha çox detektivlər - Elxan Elatlı, Çingiz Abdullayev oxunur”.Satıcı gənclərin öncəki illə müqayisədə şeirə marağının azaldığını deyir:
“Şeirə maraq öncəki illərlə müqayisədə azalıb. Sərvər adlı şeir yazan var, gündə bir kitabını gətirir. Baxın görün burada oxunacaq bir şey var? Bu şair bütün “polka”larda yatır, amma kitabını alan olmur. Şeiri ucuzlaşdırırlar. Şeir elə olmalıdır ki, oxuyarkən insanın ürəyinin telləri yerindən oynasın”.Hər zaman bu zəngin dünyanın əhatəsində olan Səhrab müəllimin özünün də hansı müəlliflərə müraciət etməsi bizim üçün maraqlı oldu:
“Düzü, gözüm zəif olduğu üçün bir o qədər də oxuya bilmirəm. Oxuyanda da daha çox dini kitablara üstünlük verirəm. Detektiv kitablar da oxuyuram. Axı roman oxuyacaq yaşda deyiləm. Amma vaxtı ikən oxumuşam. Şeirə də böyük marağım var. Nə olsun, indi də oxumaq istəyərəm. Sadəcə olaraq oxunacaq şeir tapa bilmirəm”.
Belə qənaətə gəldik ki, kitabların yazılmamasının səbəbi tələbatın olmamasıdır. Bəlkə də, üzdə görünməyən istedadlı müəlliflərimiz var, lakin onlar vəsait qoyacaqları işdən pul götürə bilməyəcəklərini öncədən müəyyənləşdirdikləri üçün bazara daxil olmurlar. Satıcının dediyindən belə nəticə çıxır ki, gənclər yerli ədəbiyyata daha az müraciət edirlər. Əsasən də dil biliklərini, karyeralarını inkişaf etdirmək üçün onlara lazım olan müəlliflərə üz tuturlar.
Sosial şəbəkədə gənclər arasında da qısa bir sorğu təşkil etdik. Hər zaman kitablardan, yazarlardan maraqlı sitatları paylaşan gənclər daha çox oxuduqları müəlliflər haqda danışdılar. İlknur Salamova Herman Hesseni çox sevdiyini deyir. O yazıçının digərlərindən daha fərqli, təkrarolunmaz mövzulara toxunduğunu söyləyir:
“Son zamanlar Herman Hesseni daha çox oxuyuram. Onun həyata baxışını bəyənirəm. Hətta bu yazıçını ruh əkizim də adlandıra bilərəm. Kiitabsevərlərə də onu oxumağı tövsiyə edirəm. Yazıçıların əksəriyyəti əsərlərində oxşar mövzulara toxunurlar. Amma Herman Hesse hər əsərində fərqli problemlərə toxunur. Oxşar cəhət ondan ibarətdir ki, bütün əsərlərində tənha insan, yalnızlıq qırmızı xətt kimi keçir”.İlknur öncəki illərdən fərqli olaraq kitaba marağın artdığını deyir. Bununla belə o bu halı o qədər də müsbət qiymətləndirmir: “Ümumiyyətlə, düşünürəm ki, öncəki illərdən fərqli olaraq kitab mağazalarının, alıcılarının sayı artıb. Bunu da tam olaraq müsbət qiymətləndirmirəm. Çünki bizdə kitab oxumağın nə demək olduğunu hələ tam anlaya bilməyənlər var. Kimi özünü ağıllı göstərmək üçün, kimisi qız “tutmaq” üçün bu yola əl atır. Onlar özləri də bəzən məqsədlərini açıq-aşkar bildirirlər. Bəlkə, doğrudan da, oxuyurlar. Amma davranış tərzləri bu cür düşünməyə əsas verir”.
lknur üçün kitab oxumaq sadəcə olaraq əsər haqda məlumat almaq, obrazların adını əzbərləmək demək deyil. O düşünür ki, insan kimi yetişmək, özünü ifadə etmək üçün də kitabın rolu danılmazdır: “Kitab oxumaq, mənə görə, sadəcə süjet xətti ilə tanış olmaq, obrazların adını əzbərləmək demək deyil. Əsas odur ki, yazıçının sənə vermək istədiyi mesajı tuta biləsən. İnsan kimi yetişmək, özünü inkişaf etdirmək üçün kitab oxumaq çox önəmlidir. Amma baxır, kitabı kim oxuyur”.
Həmsöhbətimiz Leyla Məhərrəmova da daha çox dünya ədəbiyyatına maraq göstərdiyini söyləyir. Xüsusən də Tolstoy, Dostoyevskinin əsərlərini yüksək qiymətləndirən Leyla bu yazarların hər qələm məhsulunun insanı düşünməyə vadar etdiyini deyir:
“Dünya ədəbiyyatını çox sevirəm, xüsusilə 19-cu əsr rus ədəbiyyatını. Dostoyevskinin, Tolstoyun əsərlərini oxumaqdan zövq alıram. Düşünürəm ki, onların əsərləri insanı düşünməyə vadar edir. “Dirilmə”, “Alçaldılmış və təhqir edilmiş insanlar”ı və digər əsərləri oxuyanda düşüncən çərçivə tanımır, daha dərin problemlər, bəşəri ideyalar haqqında fikirləşməyə başlayırsan. Ətrafımda olan insanlara, xüsusilə yaşıdlarıma ədəbiyyatdan danışmağı sevirəm. Mənim ətrafımda kitabları sevən insan çoxdur. Tələbə yoldaşlarım ilə görüşəndə, demək olar ki, əsərləri müzakirə edirik. Kitabı sevməyən insanları da çox zaman oxumağa həvəsləndirmişəm, onlara Kamyunu, Selinceri oxumağı məsləhət görmüşəm. Hətta mənim sayəmdə bir neçə yazıçını seviblər. Özüm kitabları sevdiyim kimi, dostlarım da kitabları sevirlər. Mən də belə dostlarım olduğu üçün özümü xoşbəxt hiss edirəm. O kitablarda insan sevgisi, humanizm, insanın mənəvi yüksəlişi kimi ideyalar var. Oxucu da bu əsərləri oxuyanda mənəvi yüksəliş hiss edir”.
Ola bilməz ki, bir müəllifin bütün kitabları mükəmməl olsun
Tural Qurbanlı isə öncəki illərdən fərqli olaraq son zamanlar bir o qədər də kitab oxumadığını deyir. Konkret olaraq hər hansı bir yazıçıya bağlı olmadığını söyləyən Tural üçün kitabın daha çox düşündürməyə vadar etməsi önəmlidir: “Əvvəllər çox oxuyurdum, indi vaxt tapmıram, işdən sonra yorğun oluram. Kitab oxumağa enerjim qalmır. Konkret bağlı olduğum yazıçı da yoxdur. Hansı yaxşı kitab çıxırsa, oxumağa çalışıram. Ola bilməz ki, bir müəllifin bütün kitabları mükəmməl olsun. Əsas odur ki, kitab insana təsir eləsin, onu düşündürməyə, vicdanlı olmağa, haqsızlığa qarşı mübarizə aparmağa məcbur etsin. Sonuncu dəfə Xalid Hüseyninin “Çərpələng uçuran” kitabından təsirlənmişəm. Düşünürəm ki, bu kitabı hərbi xidmətdə olanda oxuduğum üçün daha çox təsirləndim. Ancaq yenə də təsirli əsərdir. Bernard Şlinqin “Qiraətçi” əsərini, filmini çox sevirəm. Dünya fikrinə təsir etmiş əsərlərin hamısını oxumağa çalışıram”.
Ara-sıra ictimai nəqliyyatda da kitab oxuduğunu deyən Tural yeni əsərlərə də tez-tez müraciət edir: “Ara-sıra yeni əsərləri oxumaq üçün vaxt tapıram. Avtobusda, metroda, yol gedən zaman ya yuxulayıram, ya da ki, kitab oxuyuram. Ən çox sevdiyim əsər “Əli və Nino”, Turgenevin “Atalar və oğulları”dı. Cübran Xəlil Cübrandan nə tapsam, oxuyuram. Ayın axırı doğum günündə dostlarımdan e-book reader hədiyyə gözləyirəm. Onu alsalar, bütün kitablarımın hamısı eyni vaxtda yanımda olacaq”.
Aygün İbrahimli isə yerli yazarlardan İsmayıl Şıxlı, Oqtay Salamzadə, M.S.Ordubadi, Əzizə Cəfərzadə, Mustafa Çəmənliyə üstünlük verdiyini deyir: “Tarixi romanları sevirəm. Çünki nəsə öyrənirəm. Həm də tarixi hadisələr çox maraqlı təsvir olunur. Zövq alıram. Ən çox təkrarən oxuduğum roman isə “Çalıquşu”dur”.Həmsöhbətimiz xarici yazarlardan Hüqo, Dostoyevski, Aqata Kristi, Mark Tvenə üstünlük verdiyini deyir: “Hüqo, Dostoyevski, Aqata Kristi, Mark Tveni sevirəm. Çünki dilləri zəngindir. Əsərlərində həyata aid o qədər sitatlar olur ki... Həyat, insanlar, yaxşılıq, pislik haqda öyrədir”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanda 25 həkim koronavirusdan ölüb – SİYAHI
Məşhur əsərlər günümüzdə
Demi Murun qızı 30 illiyini qeyd etdi-FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Sintepon haqqda nə bilirik?
Kıvanç da 2 milyon qazanacaq
"Facebook"dan daha bir YENİLİK
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
2019-cu il makiyaj trendləri
Qeyri-adi mebellər
Saç tökülməsinin 7 səbəbi
"Beşiktaş" səfərdə qol vurmadan məğlub oldu
Payız fəsli üçün geyimlər
10 il birini gözlədilər, üçqat sevindilər
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 38 yeni yoluxma
Asan hazırlanan salat (foto resept)
Gəlin saç modelləri
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Azərbaycanda tək böyrəkli uşaq doğuldu - Sağ böyrəyi də kiçikdir
""Formula 1" yarışında 5 min dollarlıq bilet satışı kifayət qədər olub"
Dalaşmağın 28 səbəbi
Cins şalvarlar
Hazır bulyonları yeməklərə qatmayın -XƏBƏRDARLIQ!
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Məşhur filmdən Azərbaycana Təşəkkürlər-FOTO
Prezident: “Daha üç kənd işğaldan azad edildi”
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Azərbaycanın şimal-qərbində zəlzələ olub
Gözəllik üçün fotoks
Qəbizlikdən əziyyət çəkənlərə MƏSLƏHƏT: hər gün...
Rahat-hulqum (foto resept)
Xarkovda metro partlayışı
Can verənlərin gözünə ölüm mələyi eyni şəkildə görünür?
Demet Özdemir sevgilisindən koronavirusa görə ayrıldı-FOTO
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Türkiyədə koronavirusu müəyyən edən test hazırlandı
Aksesuar sevən xanımlar üçün
Azərbaycan silah satacaq
Diplomatik korpusun nümayəndələri urbisidə məruz qalmış Ağdamda
Qara meşə tortu (foto resept)
Azərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcək
Arıqlamaq üçün məşhur sirri
Sadə ziyafət donları
Sabahdan Azərbaycanda payız başlayır
Romantik yataq otağı dekorasiyası
Dahilərdən gözəl sözlər-1
Azərbaycanda tibbi kadr çatışmazlığı var?
Günün ulduz falı
Şokoladlı mus (foto-resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
- ŞƏRHLƏR