Tarixi
XIX əsrdə indiki Xaqani bağının yerində müxtəlif qəzalardan mal gətirən molokanların qaldığı karvansaralar var idi. Yaxınlıqdakı küçələr, döngələr, məhəllələr çəlləkçi emalatxanaları ilə dolu idi. Tacirlərə görə şəhərin bir hissəsi üfunətli, dizəcən qalxan su və palçıqlı, hər cür xəstəlik və epidemiyanın mənbəyi olan yerə çevrildi. Bu halı necəsə düzəltmək və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə XIX əsrin 70-ci illərində şəhər rəhbərliyi həmin yerdə bağ salmaq qərarına gəldi. Varlı məhəllələrlə əhatələnmiş və ticarət mağazalarından "təmizlənmiş" skver sahibkarların diqqətini çəkirdi. Molokan qəsəbəsinin yerində tədricən indiyədək qalan hündür binalar ucaldıldı, Molokan bağı isə abadlaşdırıldı və bakılıların sevimli istirahət məkanına çevrildi.
Burada müxtəlif ağaclar əkildi, varlı molokan Koşeyev öz hesabına bağa su çəkdirdi və Bakı şəhərində ilk fontanı tikdirdi. 1880-ci illərin ikimərtəbəli tikilikəri tədricən üç-dördmərtəbəli yaşayış evləri ilə əvəzləndi və küçə özünün indiki vəziyyətini aldı.
Maraqlıdır ki, Xaqani paytaxtın ən az dəyişikliyə və yenidən planlaşdırmaya məruz qalan küçələrindən biridir-binaların və yaşayış evlərinin bir çoxu sovet quruluşundan əvvəlki dövrə aiddir.
Ərazisinin kiçikliyinə və sadə arxitektur kompozisiyasının olmasına baxmayaraq bu skver Bakının landşaft arxitekturasının inkişaf tarixində əhəmiyyətli yer tutur. Həm skverin yaradılması, həm də layihəsinin hazırlanması zamanı bir çox çətinliklər üzə çıxdı. İlk növbədə, problemlər su təminatının yaxşı olmaması ilə əlaqədar olaraq yaranırdı. Həmçinin bağ şəhər bağbanı, şəhər idarəsi və duması üzvlərinin diqqətindən kənarda qalmışdı. Bu haqda "Kaspi" qəzetində yazılırdı:"Bakı yaşıllığın çox olması ilə fəxr edə bilməz, bu səbəbdən də bağa laqeyd münasibət... cinayətdir".
Yalnız 90-cı illərin sonlarında digər bağlarla yanaşı burada da yeni ağacların əkilməsi həyata keçirildi. İşlər skverin planlaşdırılan quruluşuna uyğun görülürdü. Planın kompozisiyası kəsişmə mərkəzində fəvvarəli hovuz olan diaqonal yerləşdirilmiş xiyabanlar əsasında hazırlanırdı. Bundan əlavə ağac cərgələri kvadrat formada olan skverin perimetri boyunca düzülürdü. XX əsrin əvvəllərində bağın yenidən planlaşdırılmasına ehtiyac yarandı. Belə ki, baş bağban A.E.Vasilyev qeyd edirdi ki, "şəhərə ictimai bağların qaydaya salınması məqsədi tapşırılıb".
1904-cü ildə o, alleyaların genişləndirilməsi və isti iqlimə dözümlü ağac növlərinin əkilməsini nəzərdə tutan yenidənqurma layihəsini hazırladı. Skverin daha mənzərəli görünüşünü təmin etmək üçün mövcud yaşıllığın bütünlüklə yüksək dekorativlik xüsusiyyətləri olan ağaclarla dəyişdirilməsi təklif olunurdu. Lakin layihə skverin yenidənqurmasına müsbət təsir etsə də, həyata keçirilmədi.