Yalmanına yata-yata,
At qan-tərə bata-bata
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göygölə bax!
S. Vurğun
Göygöl. bu füsunkar gölün adını kim eşitməyib?! Kim ilham almayıb onun gözəlliyindən?! Kim onun hüsnünə biganə qalıb?! Hüsnünə neçə-neçə mahnılar bəstələnən, şeirlər qoşulan, rəssam fırçasından süzülərək tablolara çevrilən əsrarəngsiz Göygöl göllərimizin ən gözəli hesab olunur. Göygöl 870 ildən çoxdur ki, Kiçik Qafqaz dağlarının qoynunda, qədim Gəncənin gözəl bir guşəsində məskən salaraq bu ətrafda yaşayanlara səxavətlə sərinlik paylayır. Ölməz şairimiz Səməd Vurğun çox gözəl deyib:
Şair! Bu yerləri yaxından tanı,
Təbiət quranda Azərbaycanı,
Onu sığallamış qüvvətin əli,
Bir böyük ürəkli qüdrətin əli.
Gölü hər tərəfdən yaşıl meşələr əhatə edib. Onun şəffaf su aynası həmişə ətrafdakı yaşıllıqlar “dünyasını” özündə əks etdirir. Adama elə gəlir ki, gölün içərisində də meşələr var. Göygöl adı da buna görə ona verilib. Göygölün ətraf dağları, nəhəng təbii parkı, göl isə bir növ onun içərisində bəzəkli bir akvariumu xatırladır.
Bura 1965-ci ildən dövlət qoruğu elan edilib. Göygöl qoruğunda nadir heyvanlar və quşlar qayğısız gəzib dolaşır. Qoruqdakı marallar adamdan qaçmır, bitki örtüyü toxunulmazdır. Buradakı heyvan və bitkilər artırılır. Göygöl qoruğunun hər qarışı səma altında bədii muzeyi xatırladır, buranın “eksponatları” kiçik göllər, şəlalələr, quşqonmaz qayalar və dərin dərələrdir. Qoruğun meşələrində palıd, vələs, qarmaqvari şam, ağcaqayın, fıstıq, göyrüş, cır alma, ardum və s. ağaclar bitir. Qoruğun canlı sakinləri xallı marallar, cüyürlər indi də çox artıb. Bu heyvanlar zümrüd meşələrin bəzəyidir.
Lakin çox təəssüf ki, son illərdə müəyyən səbəblərə görə gölə səyahət qadağandır. Ümid edirik ki, tezliklə Göygöl yenə öz qapılarını turistlərin üzünə açacaq.
Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır.
Qovulan ceyran tək yorulub yatır.
Daş atdım, diksinib oyandı Göygöl.
M. Araz