Qadin.NET / Zümrüd adası- İrlandiya

Zümrüd adası- İrlandiya

Zümrüd adası- İrlandiya
Ərazi: 70273 kv/km
Əhali: 4581269 nəfər
Rəsmi dili: irland və ingilis. 
Zümrüd adası adlandırılar İrlandiya öz əfsanələri, tarixi qalaları ilə məhşur bir adadır. İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. 4 əyalətə, 26 qraflığa bölünür. Hər il bura  2 milyondan çox turist gəlir. 
İrlandiya mətbəxinin əsasını kelt (Qərbi və Mərkəzi Avropada dil və mədəniyyət baxımından yaxın olan xalqlar) yeməkləri təşkil edir. Burada əsas yeri çörək, ət, balıq, tərəvəzlər, xüsusən də kartof və kələm tutur. 
Zümrüd adası- İrlandiya
İrlandlar çörəyə maya vurmur
İrlandiyada çörəyə həmişə xüsusi önəm veriblər. Çörəklərində maya əvəzinə sodadan yararlanırlar. Mayadan istifadə olunmamasının səbəbi burada buğdanın yumşaq növünün istehsalı ilə əlaqədardır. Mayayla yalnız "blaa" adlanan  ağ, yumşaq çörəklər və üzümlü şirin çörək - barmbreklər (Barmbreack) hazırlanır. İrlandlara məxsus qudi (Goody) adlanan desert süd, şəkər və ədviyyatlarla birgə bişirilmiş çörək dilimləridir. 
Ölkənin sahilboyu yerləşməsi əhalinin dəniz məhsulllarından geniş istifadə etməsinə imkan yaradır, daha çox qızılbalıq və siyənək balığından istifadə olunur. Əsrlər boyu irlandlar üçün zülal mənbəyi balıq və digər dəniz məhsulları, xərçəng və dəniz yosunu olub. İrland restoranlarında maraqlı yemək adına da rast gəlmək olur - Dublin vəkili (Dublin Lawyer). Bu qaymaqda pörtlədilmiş xərçəngdir. İrlandiyada mütamadi olaraq dəniz məhsullarından ibarət dadlı yemək festivalı keçirilir. 
Ölkənin mağazalarında dulse adlanan qırmızı dəniz yosununa rast gəlmək olar. Bu məhsul mikroelementlər, minerallar, vitaminlər və zülallarla zəngindir. Dulse günəşdə qurudulur, yeməklərə, əsasda şorbalarda dadgücləndirici kimi əlavə edilir. Bəziləri bu yosunu çips kimi qızardır, hətta xəmirə və ya ət yeməklərinə qatır, bəziləri isə qurutmadan da yeyirlər. 

Zümrüd adası- İrlandiya
Boksti, çemp, kolkanon, koddl hamsı kartofdan hazırlanır
XVI əsrdə kartofun İrlandiyaya gətirilməsindən sonra irlandların həyat tərzində dəyişikliklər hiss olundu. İrlandların dörd əsr bundan əvvəl kartofla tanışlığı bir çox maraqlı yemək növlərinin meydana çıxmasına səbəb olub. Bu yeməklərdən biri də bokstidir (boxty). Tərcümədə "kasıbların çörəyi" adlanan boksti kartof püresi, un, yağ, soda, rəndələnmiş kartofdan hazırlanan yarı çörək, yarı oladidir. Bu yemək qızardılmış, qaynadılmış, sobada bişirilmiş ola bilər. Hər bir variantda o, öz yüngül, zərif tamı ilə fərqlənir. 
Varlı irlandların süfrəsini koddl (Coddle) pörtlədilmiş kartof, bekon və kolbasadan ibarət yemək bəzəyir. Bir zamanlar sağlam qida hesab olunan, yağsız bekon, kələm, şalğam, yerkökü və soğandan hazırlanan ənənəvi irland yeməyi kələmlə bekon (Bacon and cabbage) kartofun bu mətbəxə daxil olması ilə çox ağır bir yeməyə çevrilib. Kartof müasir İrlandiyada müxtəlif üsullarla hazırlanan ən çox yayılan qarnirdir. Çox zaman ofis işçilərinin lançı (günorta yeməyi) bir boşqab qızardılmış, qaynadılmış və ya əzmə kartofdan ibarət olur. Tez qəlyanaltı etmək lazımdırsa, fiş-ənd-çips ( Fish and Chips)-qızardılmış balıq və kartof-fri köməyə gəlir. Britaniya fast-fudunun tipik nümunəsi ilk dəfə məhz Dublində yaranmışdı.
Zümrüd adası- İrlandiya
Ən qədim ənənələrdən biri torfda açıq halda ət qızartmaqdır. İrland mətbəxində müztəlif balıq növlərindən şorbalar hazırlanır. Yulafdan və xoruz ətindən hazırlanan şorba sevilən yeməklərdəndir. Adi, lakin özünəməxsus dadı olan kartoflu, meyvəli ətli piroqları məşhurdur. 
İrlandların ümumiyyətlə məmnuniyyətlə içdikləri içki çaydır. Onlar çayı tünd halda südlə içirlər. 
İrlandiyanın paytaxtı Dublin şəhərinin icra hakimi hər il dəyişir. 300 ildən çox davam edən bu qanuna əsasən icra hakimləri cəmi 12 aylıq seçilir. Qısa vaxt ərzində şəhər üçün nə etmək olar? İrlandlar düşünürlər ki, 1 il ərzində şəhərin gözəlliyi, insanların rahatlığı üçün icra hakimi çox şey edə bilər. Bu müddət ərzində Dublinin lord-meri ailəsilə birgə Douson-stritdə yerləşən The Mansion House şəxsi yaşayış evində yerləşdirilir. Evdə xidmətçilər olmur. İcra hakiminin həm evi, həmd ə iş yeri məhz bura olur. 
Dublində bir qanun var- işlədilən yağ tullanıla bilməz. Şəhərin restoranları yeməklərdə istifadə edilən yağ qalığını xüsusi çənə boşaldırlar. Gün ərzində yığılan yağ yenidən istifadə üçün xüsusi şirkətlərə verilir. Bu yağdan Dublin şəhərinin avtobuslarında istifadə olunan biodizel hazırlanır. 
İrlandiya da demək olar ki, gün ərzində bir neçə dəfə yağış yağır. Binaların daminda xüsusi bitkilər əkilir ki, yağışın suyunu özündə hopdursun, qalan su isə xüsusi borular vasitəsi ilə yığılır və maşınların yuyulmasında istifadə olunur. Həmçinin Dublin yanğınsöndürənləri də yığılan yağış suyundan istifadə edilər. 
Şəfiqə Ağayeva. 
13 avqust 2014
GO BACK