İf qəsri Fransanın cənubunda, Friulski arxipelaqının ən kiçik adalarında yerləşir. Əsası 1527-ci ildə I Fransiskanın əmri ilə qoyulmuş bu qalanın inşası əslində tarixi zərurətdən irəli gəlib. Belə ki, sözügedən ərazi hər tərəfdən dənizlə əhatə olunduğundan onun güclü müdafiəyə ehtiyacı olub. 1531-ci ildə inşa işləri tamamlansa da, qəsr mövcud olduğu illər ərzində bircə dəfə də düşmən hücumu ilə qarşılaşmayıb. Bu səbəbdən qalanı dövrümüzədək qoruyub saxlamaq mümkün olub.
Dahi fransız yazıçısı Aleksandr Düma 1845-ci ildə “Qraf Monte-Kristo” romanını yazmaqla İf qəsrini bütün dünyada məşhurlaşdırır. Buna səbəb əsərin baş qəhrəmanının bu qalada məhbus həyatı keçirməsi olub. Həmin romanın nəşrindən sonra qəsrə əsl turist axını başlayıb. Sonradan aparılan araşdırmalar nəticəsində məlum olub ki, A. Dümanın romanda işıqlandırdığı məqamlar tarixi həqiqətə əsaslanır. Sən demə, əsərin inandırıcı alınmasından ötrü yazıçı qəhrəmanının dustaq saxlandığı qəsrə yollanmaqdan belə çəkinməyib. İf qəsrindəki ab-havadan təsirlənən Aleksandr Düma sonradan özünü Tanrıya yaxın hiss edən güclü kişi obrazının faciə ilə dolu həyatını qələmə alıb. Kimsə inkar edə bilməz ki, baş qəhrəmanı real obraz olan bədii əsərlər həmişə uğurlu alınır. İngiltərənin Beyker-strit küçəsində Şerlok Holmsun ev muzeyi məhz bu məqsədlə tikilib. Bu günə kimi həmin ünvana tanınmış dedektivə yazılmış məktublar gəlməkdə davam edir. Qraf Monte-Kristonun pərəstişkarları da əsəri oxuyan kimi Edmon Dantesin iztirablı günlər yaşadığı İf qəsrini görməyə can atırlar. Memarlıq xüsusiyyətləri baxımından Fransanın bir çox qalalarından geri qalan İf məhz Aleksandr Dümanın yaratdığı obraz sayəsində şöhrət tapıb.
Marsel şəhəri yaxınlığında yerləşən qəsr ilk baxışdan qayanı xatırladır. Kvadrat şəklində olan qalanın üç dairəvi qülləsi və balaca həyəti var. Qəsrin divarları adadakı qaya ilə birləşir. Turistlərin diqqətini ən çox cəlb edən qəsrdəki mayakdır. Ada üzərində ucaldılmış bu istehkamı dənizin o biri tayından da görmək mümkündür. XVI əsrin sonlarında onun yerində ətrafı müşahidə etmək üçün gözətçi qülləsi və kilsə olub. Sonradan düşmən hücumundan qorunmaq məqsədilə burada İf qəsri inşa edilib. Müdafiə xarakteri daşımasına baxmayaraq, istehkamın tikintisində bir sıra ciddi nöqsanlara yol verilib. Onun bu günə kimi hücuma məruz qalmamasının səbəbini isə qəsrin yaraşıqlı görünüşü ilə izah edirlər. Deyilənlərə görə, İspaniya kralı V Karl 1531-ci ildə Marseli zəbt etməyə hazırlaşsa da, sonradan qalanın gözəlliyina valeh olub, qərarından vaz keçib.
XVII əsrdən etibarən qəsr Fransa üçün təhlükə yaradan daxili düşmənləri zərəsizləşdirmək üçün dustaqxana rolunu oynayıb. Tarixi faktlara əsasən, müxtəlif illər ərzində 3500-ə yaxın insan qalada məhbus həyatı yaşayıb. 1689-cu ildə həbs olunmuş protestanların əksəriyyəti ömürlərinin son gününə kimi İf qəsrində saxlanılıblar. Doğma atasının qəzəbinə tuş gələn tanınmış tarixi şəxs Mirabo həyatının altı ayının bu qaranlıq zindanda keçirib. Deyilənlərə görə, onun kamerası digərlərinkindən xeyli fərqlənirmiş. Qəsrdə Mirabonun hətta rəsmi qəbullar keçirməsi üçün də lazımi şərait yaradılıb. “Qrand Müqəddəs Antoni” gəmisinin tonqalda yandırılmış kapitanı - əxlaqsız zahid də bir vaxtlar qəsrdə saxlanılıb. Dümanın digər personajı Dəmir maska və Markiz de Sadın qalada dustaq olması ilə bağlı söylənilənlər isə həqiqətə uyğun deyil.
1830-cu illərdə İf qalasının dustaqxana kimi istifadəsi qadağan olunur. Uzun fasilədən sonra 1871-ci ildə Paris kommunasının rəhbərlərini qəsrə salırlar. Onların başçısını isə qala yaxınlığında güllələyirlər. Adada cəmi bircə dəfə kral I Fransisk Katrin de Mediçini qarşılayarkən altımış nəfərdən ibarət hərbi qarnizon tərəfindən top atəşi açılıb.
Tarixi mənbələrə əsasən, İf qəsrinin ilk məhbusu öz kamerasında qətlə yetirilmiş zadəgan Anselm olub. Sonradan onun ardınca müxtəlif şəxslər qalaya sürgün edilib. Onların arasında kapitana kobud cavab verdiyi üçün otuz il müddətinə azadlıqdan məhrum edilmiş dənizçi də olub.
Maraqlıdır, görəsən, məhbuslar qala divarları arasında hansı şəraitdə saxlanılıblar? Tarixi mənbələrdə imkanlı dustaqların dənizə açılan pəncərələri olan kameralara yerləşdirildikləri qeyd edilir. Kasıb məhbuslar isə öz cəzalarını pəncərəsiz darısqal kameralarda çəkiblər.
İf qəsri 1890-cı ildə turistlər üçün rəsmi şəkildə açıq elan olunub. Qalanın demilitarizasiyası isə XIX əsrin sonlarına təsadüf edib. 1926-cı ildə isə İf qəsri xüsusi qərara əsasən, Fransa tarixi üçün dəyərli abidələr siyahısına daxil edilib.
Turistlər İf qəsrinə getmək üçün uzun və çətin yol dəf etməli olurlar. Bu yol Marselin taun epidemiyası ilə əlaqədar bir vaxtlar karantin zonası elan edilmiş hissəsindən keçir. Sonra dolama pilləkanlarla qalxıb dar küçəyə çıxırsan. Həmin həyətdə yerləşən ayrı-ayrı dustaqxanalar bir-birindən dəmir barmaqlıqlarla ayrılır. Hər kameranın girişində üzərində maraqlı məlumatlar qeyd edilmiş yaddaş lövhəsi asılıb. A. Dümanın yaradıcılığına və Qraf Monte-Kristonun həyatına yaxından bələd olanlar yaxşı bilirlər ki, İf qəsrində Edmon Dantesin adı qeyd olunmuş kamera yoxdur. Amma bu fakt qalaya gələn turistlərin sayını heç də azaltmır. Onların diqqətini ən çox cəlb edən isə burada satılan və məhbusların saxlandıqları kameraların təsvir olunduğu suvenirlərdir. Xarici qonaqların axın etdikləri İf qəsrindəki kafenin pəncərələrindən isə Marselin ən gözəl yerlərini seyr etmək mümkündür.