Azərbaycanın ən gəzməli-görməli yerlərin biri də, heç şübhəsiz, İsmayıllı rayonunda yerləşən Lahıc qəsəbəsidir. Böyük Qafqazın ətəyində, Girdiman çayının sahilində yerləşən Lahıc Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub. Bakıdan Lahıca olan məsafə 170 km, İsmayıllı rayonunun mərkəzindən isə 36 kilometrdir. 2018-ci ildə Şamaxı rayonunun Dəmirçi kəndini Lahıc qəsəbəsi ilə birləşdirən yeni yol istifadəyə verilib. Bu yol turizim üçün çox əlverişlidir.
Kəndin yaranması təxmini III-VII əsrə aid edilir. Rəvayətlərə görə, Lahıcın əhalisi Sasanilər tərəfindən köçürülmüş irandilli əhalinin nəslindən olanlardır. Elə bu səbədən qəsəbənin əhalisi farsdilli tatlardır. Əhalisi 1500 nəfərə yaxındır.
Yerin Lahıc adlanmasını isə belə əslandırırlar ki, buranın əhalisi İranın Lahican ərazisindən köçürülüb.
Lahıca gedən yolun özü ayrı bir gözəllikdir. Lay-lay qayalara baxdıqca adamı vahimə basır. Ara-sıra qopan qaya parçaları yola tökülür. Qəsəbə isə nağıl kimi yerdir. Sanki, keçmişə səyahət edirsən. Lahıc yolunun üstündə çay üzərində asma körpü var. Kimlər üçünsə əyləncə, adrenalin körpüsü, kimlər üçünsə həyati əhəmiyyətli, həm də təhlükəli bir yol. Burad a şəkil çəkdirmək, gözəl mənzərəni seyr etmək adama ləzzət verir.
Lahıc vətəndaşlarımızın və ölkəmizə axın edən turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir. Lahıcı hər il on minlərlə turist ziyarət edir. Son illər turistlərin sayı getdikcə artır. Qəsəbə səfalı havası, dağ zirvələri, tarixi abidələri və tikililəri, qədim sənətkarlıq nümunələri ilə turistlərin sevimli məkanına çevrilib.
Lahıcda insanların əsas məşğuliyyəti misgərlik, dəmirçilik, zərgərlik və xalçaçılıqdır. Lahıc qədimdən Azərbaycanın misgərlik paytaxtı sayılır. Qədim peşələr atalardardan oğullara ötürülərək bu günümüzə gəlib çatıb. Lahıc ustalarının misdən hazırladığı məmulatlar bir çox ölkələrdə tanınır.
XIX əsrdə Lahıcda çox növdə silahlar istehsal olunurdu. Maraqlı bir faktı qeyd etmək yerinə düşər: XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda məhz Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdu.
Qəsəbədə olarkən emalatxanlarda ustaların işi ilə tanış ola bilərsiniz. Lahıc küçələrini gəzərkən çoxlu dükanlara rast gələcəksiniz. Lahıc ustalarının hazırladığı məmulatları bu dükanlarda tapa bilərsiniz. Arzu edənlər hədiyyə də ala bilərlər.
Azərbaycanda ilk kanalizasiya sistemi Lahıcdadır. Deyilənə görə, bu sistemin min beş yüz il tarixi var. Maraqlıdır ki, qəsəbə sakinlərindən heç kim kanalizasiya sisteminin haradan başlayıb harada qutardığını, hansı prinsiplə işlədiyini bilmir.
Lahıc bənzərsiz memarlıq nümunələri ilə məhşurdur. Bunlardan ən möhtəşəmi Girdiman çayının sahilində ucalan 3 mərtəbəli, 72 otaqlı Hacı Paşa evidir. Abidə özündə Lahıcın XVIII əsr memarlıq üslubunun bütün komponentlərini əks etdirir. Yerli camaat bu abidəni "Hacılar həyəti" adlandırır. Lahıca gələn istər yerli olsun, istər də xarici turistlər olsun, bu qədim abidəyə baxmamış buranı tərk etmirlər.
Lahıcda turistlərin qalması üçün otellər fəailiyyət göstərir. Otellərdə qiymət günlük 50 manatdan başlayır. Lahıc sakinləri arasında qazanc üçün evlərini kirayə də verənlər var. Günlük kirayələrin qiyməti 30-50 manat dəyərində olur. Bu, adətən az büdcə ilə səyahət edən turistlər üçün sərfəli olur.
Azərbaycanda yaşayırsınızsa, ömrünüzdə bir dəfə də olsa Lahıca səfər edin. Peşman olmazsınız.
Fərid Dağlar